Trampdan sensasiyalı Kuba açıqlaması: Çox yaxın zamanda addım atacağıq

ABŞ prezidenti Donald Tramp Kuba ilə bağlı yaxın vaxtlarda yeni addımların atılacağını açıqlayıb. Ağ Evdə keçirilən mətbuat konfransında danışan Tramp bildirib ki, Vaşinqton bu məsələ üzərində fəal işləyir və yaxın zamanda qərar elan ediləcək.

Referans Media xəbər verir ki, ABŞ lideri Kubadakı vəziyyətlə bağlı “işlərin yaxşı getdiyini” iddia edərək, “Çox yaxın zamanda Kuba ilə bağlı addım atacağıq” deyə vurğulayıb. O, bundan əvvəl də çıxışlarında Kubanın “tezliklə çökəcəyini” və rəsmi Havananın ABŞ-la razılaşma əldə etmək istədiyini bildirmişdi.

Tramp həmçinin qeyd edib ki, Kuba ilə bağlı mümkün danışıqlar prosesində ABŞ dövlət katibi Marko Rubio da fəal iştirak edəcək. Prezidentin sözlərinə görə, hazırda Vaşinqton administrasiyası bu mövzuya xüsusi diqqət ayırır.

Tramp çıxışında bu prosesi uzun illər gözlədiyini də bildirib: “50 ildir bu anı gözləyirəm və indi Kuba sanki qucağıma düşüb”, – deyə ABŞ prezidenti qeyd edib.

Bundan əvvəl ABŞ rəhbəri Kubaya qarşı iqtisadi təzyiqləri də artırmışdı. 30 yanvar tarixində Tramp Kubaya neft satan və ya neft tədarük edən ölkələrdən ABŞ-a idxal olunan bütün mallara əlavə gömrük rüsumu tətbiq edilməsini nəzərdə tutan prezident fərmanını imzalayıb. Ağ Ev bu addımın Kubanın “zərərli siyasətlərinə” qarşı ABŞ-ın milli təhlükəsizlik və xarici siyasət maraqlarını qorumağa xidmət etdiyini bildirib.

Fevralın 1-də isə Tramp Kuba hakimiyyəti ilə neft tədarükünün tənzimlənməsi mövzusunda danışıqların başladığını açıqlasa da, Kuba hökuməti bu məlumatı təkzib edib.

ABŞ prezidentinin son açıqlamaları Vaşinqtonun Kuba ilə bağlı siyasətində yeni və daha sərt addımların atıla biləcəyi ilə bağlı ehtimalları gücləndirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki