ABŞ Prezidenti Donald Trampın Xüsusi Katibi Susi Uayls Vanity Fair jurnalına verdiyi müsahibədə diqqətçəkən açıqlamalarla çıxış edib. Uayls bildirib ki, Tramp spirtli içki qəbul etməsə də, “alkoqolik xarakterə” malikdir. O, milyarder İlon Maskı isə “tamamilə təkbaşına hərəkət edən biri” kimi xarakterizə edib və Maskın ketamin istifadə etdiyini açıq şəkildə etiraf etdiyini deyib.
Referans Media xəbər verir ki, Uayls atasının ölümündən əvvəl uzun müddət alkoqol problemi yaşadığını xatırladaraq, “Alkoqolizm münasibətləri məhv edir; bu, atamla mənim aramdakı münasibətdə də belə idi” deyə bildirib. Trampın spirtli içki qəbul etməməsinə baxmayaraq, onun “alkoqolik xarakterə” sahib olduğunu söyləyən Uayls, “Prezident edə bilməyəcəyi heç bir şeyin olmadığına inanır – heç nə, sıfır” ifadəsini işlədib.
Alkoqolik davranışları atasının təcrübəsi üzərindən tanıdığını qeyd edən Uayls, “Məndən qat-qat çox biliyə malik bəzi klinik psixoloqlar dediklərimə etiraz edə bilər. Amma yüksək funksiyalı alkoqoliklərdə və ümumən alkoqoliklərdə içki qəbul ediləndə şəxsiyyət xüsusiyyətləri daha da şişirdilir. Bu səbəbdən böyük şəxsiyyətlər mövzusunda özümü bir qədər mütəxəssis sayıram” deyə bildirib.
Trampla iş münasibətlərinə də toxunan Uayls, rolunu prezidentin qərarlarını məhdudlaşdırmaq yox, onları asanlaşdırmaq kimi gördüyünü bildirib. Qərarlarının ləğv edilməsinin onun üçün problem olmadığını vurğulayan Uayls, hər zaman Trampın son qərarlarını dəstəklədiyini deyib: “Bir neçə dəfə səsvermədə uduzmuşam. Əgər bərabərlik olarsa, o qalib gəlir.”
“İlon Mask qəribədir; məncə dahilər adətən belə olur”
Trampın bir müddət Hökumət Səmərəliliyi Departamentinin rəhbərliyinə gətirdiyi İlon Mask barədə danışan Uayls, “Tamamilə təkbaşına hərəkət edən biridir. Onunla bağlı əsas çətinlik ona ayaq uydurmaqdır. Ketamin istifadə etdiyini açıq deyir. Gündüzlər İcraedici Ofis Binasında yuxu tulumunda yatır. Çox qəribə bir adamdır; məncə dahilər adətən belə olur. Bu, işlər üçün faydalıdırmı? Xeyr. Amma o, özlüyündə bir xarakterdir” deyə bildirib.
Gömrük rüsumları ilə bağlı ciddi fikir ayrılığı
Trampın gömrük rüsumlarının tətbiqi qərarı ilə bağlı prosesin gözlədiyindən daha ağrılı keçdiyini etiraf edən Uayls, “Bunun yaxşı fikir olub-olmaması barədə böyük fikir ayrılığı vardı” deyib. O, Trampın müşavirlərinin kəskin şəkildə iki yerə bölündüyünü, bəzilərinin rüsumları çıxış yolu, digərlərinin isə fəlakət kimi gördüyünü bildirib.
“JD Vens konspirasiya nəzəriyyələrinə inanır”
ABŞ Ədliyyə naziri Pam Bondini Cefri Epşteyn işi ilə bağlı tənqid edən Uayls, Bondinin mövzu ilə maraqlanan hədəf auditoriyanı düzgün anlamadığını deyib. ABŞ vitse-prezidenti JD Vens barədə isə “uzun illərdir konspirasiya nəzəriyyələrinə inanan şəxsdir” fikrini səsləndirib.
Uayls: “Sözlərim təhrif edilib”
Müsahibə yayımlandıqdan sonra Uayls X sosial şəbəkəsində paylaşım edərək fikirlərinin təhrif edildiyini bildirib. O, dərc olunanların özünə, Trampa, Ağ Ev əməkdaşlarına və kabinetinə qarşı qurulmuş qarayaxma yazısı olduğunu vurğulayıb.
Trampdan dəstək
ABŞ Prezidenti Donald Tramp isə mediaya açıqlamasında Uaylsı dəstəkləyib və “alkoqolik xarakter” ifadəsinin doğru olduğunu, özünü “sahiblənici və asılılıq yaradan” xarakterə malik hesab etdiyini deyib. JD Vens də Uaylsın sadiqliyini yüksək qiymətləndirərək onun prezident üçün ən yaxşı Xüsusi Katib olduğunu bildirib.
Ədliyyə naziri Pam Bondi də X platformasında paylaşım edərək administrasiyanı parçalama cəhdlərinin uğursuz olacağını vurğulayıb: “Biz bir ailəyik. Bir yerdəyik.”






















