image-tdt1backend

Türk dövlətlərinin XİN rəhbərləri toplaşacaq

Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi toplantısı martın 7-də İstanbulda keçiriləcək. Görüşə Hakan Fidan ev sahibliyi edəcək.

Referans Media  xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə təşkilat çərçivəsində son dövrdə baş verən inkişaflar və qarşıdakı mərhələdə atılacaq addımlar müzakirə olunacaq.

Bununla yanaşı, regional və qlobal gündəmdə olan məsələlər ətrafında geniş fikir mübadiləsi aparılması planlaşdırılır.

Diplomatik mənbələrin bildirdiyinə görə, görüşdə təşkilata sədrlik edən Azərbaycanla yanaşı, üzv dövlətlər Qazaxıstan, Qırğızıstan və Özbəkistan nümayəndələri də iştirak edəcəklər. Toplantı çərçivəsində təşkilatın fəaliyyəti qiymətləndiriləcək və türk dövlətləri arasında siyasi, iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsi ilə bağlı yeni təşəbbüslər müzakirə ediləcək.

Görüş çərçivəsində Hakan Fidanın həmkarları ilə ikitərəfli görüşlər keçirməsi də planlaşdırılır. Eyni zamanda iştirakçı nümayəndə heyətlərinin rəhbərlərinin Rəcəp Tayyip Ərdoğan tərəfindən qəbul ediləcəyi gözlənilir.

Məlumata görə, Hakan Fidan çıxışında regionda və beynəlxalq sistemdə sülh və sabitliyin qorunmasının çətinləşdiyi bir dövrdə TDT ölkələri arasında əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğulayacaq. O, həmçinin ABŞ və İsrail ilə İran arasında davam edən qarşıdurmanın dayandırılmasının və diplomatik həll yollarına üstünlük verilməsinin əhəmiyyətini qeyd edəcək.

Bundan əlavə, Pakistan və Əfqanıstan arasında gərginliyin artmaması üçün dialoq və sülh mexanizmlərinin təşviq edilməsinin vacibliyinə diqqət çəkiləcəyi bildirilir.

Toplantıda həmçinin Şimali Kipr Türk Respublikası ilə siyasi, iqtisadi və mədəni əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanacaq. Bundan başqa, türk dövlətlərinin üçüncü tərəflərlə əməkdaşlığını genişləndirməyi nəzərdə tutan “TDT+” formatı da müzakirə ediləcək.

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatı 2009-cu ildə Naxçıvanda imzalanan saziş əsasında yaradılıb. Hazırda təşkilatın üzvləri Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistandır. Müşahidəçi ölkələr sırasında isə Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası yer alır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki