Türkiyə donur: Temperatur mənfi 15 dərəcəyə düşdü

Kars, Ərdahan və Ağrı vilayətlərində hökm sürən şaxtalı hava şəraiti gündəlik həyata mənfi təsir göstərir.

Referans Media xəbər verir ki, havanın temperaturunun mənfi 15 dərəcəyə qədər endiyi Kars vilayətində güclü soyuqlar səbəbindən ağac və bitkilərin üzərində qırov əmələ gəlib, su hövzələri buzla örtülüb.

Soyuq havanın təsirini davam etdirdiyi Sarıkamış rayonunda da ağac və bitkilər qırovla örtülüb, binaların damlarında buz sallantıları yaranıb. Evlərin və avtomobillərin şüşələri, ərazilərdəki çeşmələr buz bağlayıb, çay və dərələrin səthi tamamilə donub. Sakinlər avtomobillərini soyuqdan qorumaq üçün üzərini yorğanla örtməyə çalışırlar.

Rayon sakinlərindən Sunay Çelik bildirib ki, çox soyuq günlər başlayıb: “Hava Sibirya soyuqları kimidir. Avtomobillərin üzərini örtüklə bağlayırıq. Mənfi 13–15 dərəcələri görürük. Allah köməyimiz olsun, həqiqətən çox soyuqdur.”

Ərdahan vilayətində də şaxtalı hava hökm sürür. Gecə saatlarında temperaturun mənfi 19 dərəcəyə qədər endiyi Göle rayonunda duman və qırov müşahidə olunub. Qar örtüyünə bürünən Ağrı vilayətində də soyuq hava şəraiti həyat şəraitini çətinləşdirir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki