“Suriyanı parçalamağa cəhd göstərsələr, Türkiyə dərhal müdaxilə edəcək”.
Referans xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Salvadordan olan həmkarı Aleksandra Hillə birgə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Suriyadakı silahlı qruplaşmalar parçalanma və sabitliyi pozmaq yolunu tutsa, Ankara bunu öz milli təhlükəsizliyinə birbaşa təhdid hesab edəcək və uyğun cavab verəcək.
Fidanın sözlərinə görə, Ankara dialoqa getməyə və onların tələblərini dinləməyə hazırdır.
“Heç bir qrup parçalanmaya töhfə verməməlidir. Diplomatiya yolu ilə müzakirə edəcəyimiz bir istiqamətimiz var. Bu müzakirələr bütün qruplar və elementlərlə aparıla bilər. Amma zorakılıq yolu ilə parçalanmaya cəhd göstərsəniz, biz bunu milli təhlükəsizliyimizə birbaşa təhdid kimi qəbul edəcəyik. Özümüzü təhlükəyə atmaq fikrində deyilik”.
Diplomat bildirib ki, İsrail Suriyanı parçalamağa çalışır, çünki qonşuluğunda sabit ölkə görmək istəmir. İsrail öz bölgəsini zəiflətməyə və orada xaos vəziyyətini saxlamağa yönələn siyasət yürütməyə sy göstərir. Ancaq Ankara Suriyanın Əs-Suveyda əyalətində baş verən hadisələri əvvəldən diqqətlə izləyir.
O əlavə edib ki, ütün beynəlxalq ictimaiyyət və region ölkələri Suriyanın terrorçuların sığınacağına və ya qeyri-qanuni miqrasiya mənbəyinə çevrilməməsi üçün həmrəydirlər.
Nazir xatırladıb ki, Ankara uzun illərdir regionda bütün münaqişə və müharibələrə son qoyulması və sabitliyin bərqərar olması üçün fəal diplomatik səy göstərir./Globalinfo.az