8 Noyabr-Zəfər Günü, həmçinin Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününü münasibətilə münasibətilə Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyində qəbul keçirilib.
Səfirlikdən Referans-a verilən məlumata görə, tədbirdə çıxış edən səfir Qismət Gözəlov əvvəlcə xalqımıza bu Qələbəni bəxş edən, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban verən şəhidlərimizin xatirəsini ehtiramla yad edib.
Səfir çıxışında qeyd edib ki, ölkəmiz Müzəffər Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanıb. Bu Zəfər Azərbaycan xalqının iradəsinin, birliyinin və ədalətin təntənəsidir. Vətən Müharibəsi nəticəsində işğal altında qalan ərazilərimiz azad olunub, ölkəmizin ərazi bütövlüyü bərpa edilib və BMT qətnamələrinin tələbləri yerinə yetirilib. Azərbaycanın bütün suveren ərazilərində dalğalanan bayrağımız isə xalqımızın müstəqilliyinin və Vətən müharibəsində əldə edilmiş Zəfərin əbədi rəmzi kimi dalğalanır.
Səfir hazırda ölkəmizin təşəbbüsü ilə Ermənistanla sülh sazişi layihəsi üzrə aparılan ikitərəfli danışıqlarda vacib irəliləyişlər əldə edildiyini, 8 avqust 2025-ci ildə Vaşinqtonda imzalanmış Birgə Bəyannamənin və digər əldə olunmuş tarixi razılıqların regionda sülh prosesinin irəlilədilməsində əhəmiyyətli mərhələ olduğunu qeyd edib.
Mərasimdə Türkmənistanın xarici işlər nazrinin müavini Əhməd Qurbanov çıxış edərək, Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib, ölkələrimiz arasındakı qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafına dair səmimi fikirlərini ifadə edib.
Tədbirdə Türkmənistanda akkreditə olunmuş xarici diplomatik missiyaların rəhbərləri və əməkdaşları, media nümayəndələri, ictimaiyyət təmsilçiləri, həmçinin Türkmənistanda yaşayan azərbaycanlılar iştirak ediblər.
