Ucuz Qiymət, Böyük Sual: Paytaxtda 3 manatlıq Kabab ALARMI

Son vaxtlar paytaxtın bəzi ərazilərində kabab-çörəyin 3 manata satılması diqqət çəkir. Bu qiymət bir çox istehlakçı üçün cəlbedici görünsə də, mövcud ət qiymətləri və digər xərclər nəzərə alındıqda belə ucuz satışın mümkünlüyü ilə bağlı suallar yaranır. Mütəxəssislər hesab edir ki, bu cür hallarda qida təhlükəsizliyi və məhsulun keyfiyyəti məsələlərinə xüsusi diqqət yetirilməlidir.

Referans Media-ya açıqlama verən qida mühəndisi və nutrisioloq Fərid Səfərov bildirib ki, paytaxtın bəzi yerlərində kabab-çörəyin 3 manata satılması istehlakçılar üçün cəlbedici görünsə də, mövcud ət qiymətləri və digər xərclər nəzərə alındıqda bu qədər aşağı qiymət müəyyən suallar yaradır. Onun sözlərinə görə, keyfiyyətli ətin, kömürün, çörəyin, ədviyyatların və digər xərclərin ümumi dəyəri nəzərə alındıqda belə ucuz qiymətə satış iqtisadi baxımdan çətin görünür.

Ekspert qeyd edib ki, belə hallarda bir neçə risk ortaya çıxa bilər. İlk növbədə istifadə olunan ətin keyfiyyəti ilə bağlı şübhələr yarana bilər. Bəzi hallarda ucuz və ya mənşəyi tam məlum olmayan ətlərdən istifadə edilməsi ehtimalı var ki, bu da həm qida təhlükəsizliyi, həm də gigiyenik baxımdan risk yarada bilər.

Fərid Səfərovun sözlərinə görə, ucuz qiyməti saxlamaq üçün bəzi satıcılar ətin təzəliyinə və saxlanma şəraitinə lazımi qədər diqqət etməyə bilər. Ət düzgün temperaturda saxlanmadıqda və ya uzun müddət açıq mühitdə qaldıqda mikrobioloji çirklənmə riski artır və bu da qida zəhərlənmələrinə səbəb ola bilər.

Ekspert əlavə edib ki, bəzi hallarda kababın hazırlanmasında ətə müxtəlif qatqılar, artıq yağ və ya digər ucuz doldurucu maddələr əlavə oluna bilər. Bu isə məhsulun qida dəyərini azaldır və keyfiyyətinə mənfi təsir göstərir.

Fərid Səfərov istehlakçılara tövsiyə edib ki, çox ucuz qiymətli küçə qidalarını alarkən satılan yerin gigiyenik vəziyyətinə, ətin görünüşünə və ümumi hazırlanma şəraitinə diqqət yetirsinlər. Onun sözlərinə görə, qida təhlükəsizliyi baxımından ən etibarlı seçim mənşəyi və keyfiyyətinə nəzarət olunan məhsulların istehlak edilməsidir.

Ekspert sonda bildirib: “Sağlam qidalanaraq sağlam yaşayın.”

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki