image-mikroskopbackend

“Uşaq bilmir ki, atası kimdir” – Süni mayalanma ilə bağlı QORXUNC XƏBƏRDARLIQ

Sosial şəbəkələrdə açıq-aşkar döl üçün sperma və folekulların satışı ilə bağlı elanları paylaşılması barədə məlumat vermişdik. Bu işlə məşğul olan həkimlərin sosial şəbəkədəki reklamlarında qadınlara 10 gün ərzində 500-800 manat qarşılığında folekul donor olmaq təklif edilir. Hətta bunun üçün açıq şəkildə donorluğa uyğun olan kriteriyalar da göstərilir. Yəni ailə klinikaya gəlir, ya ataya, ya da anaya oxşar bir donordan folekul, ya da sperma götürülməsini tələb edir, bunun müqabilində böyük məbləğdə pul ödəyir.

Bu işlə məşğul olan həkim də pasiyentlərinə oxşayan donor ovuna çıxır. Doğulacaq uşaq valideynlərdən birinə bənzəməlidir ki, ətrafı süni mayalanma zamanı donordan istifadə edilmədiyini düşünməsin.

Nəzərə alaq ki, folekul və sperma donorluğu 1 dəfədən çox olmamaq şərti ilə həyata keçirilməlidir. Folekulların köçürülməsi süni mayalanma deməkdir. Süni mayalanma xidmətinin reklam olunması, paylaşılması isə reklam haqqında qanunvericiliyə görə qadağandır.

Bununla belə paytaxtımızın bəzi klinikalarının qarşısında özlərinin sperma və folekulunu satan adamların sayı getdikcə artmaqdadır.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Əkrəm Həsənov deyir ki, Azərbaycanın da qoşulduğu Uşaq Huquqları Konvensiyası var:

“Həmin Konvensiyanın əsas müddəlarından biri də uşağın valideynini tanımaq hüququdur. Bu səbəbdən də Konvensiyaya qoşulmuş əksər ölkələrdə, o cümlədən Türkiyə, Rusiya və Gürcüstan kimi qonşu dövlətlərdə anonim süni mayalanmaya qadağa qoyulub. Yəni süni mayalanma olar, amma bilinməlidir ki, donor kimdir. Uşaq sabah bilməlidir ki, onun bioloji atası kimdir.

Bəzən bu məsələni övladlığa götürmə sirri ilə qarşıdırırlar. Övladlığa götürəndə də bilinir ki, uşağın bioloji atası kimidir. Amma anonimlik o deməkdir ki, hansısa kişi özünün spermasını klinikaya satır. Bunun da heç yerdə qeydiyyatı aparılmır. Klinikada da həmin sperma hansısa qadına vurulur. Bu da həm hüquqi, həm də mənəvi cəhətdən doğru deyil. Ən əsası anonim mayalanmadan dünyaya gələn uşağın hüququ tapdalanır”.

Vəkil qeyd edib ki, süni mayalanma zamanı kişinin aldadılmasına dair müəyyən məhkəmə qərarları da var:

“Belə ki, klinikada kişiyə deyirlər ki, “uşaq səndən olacaq”. Amma anaya da deyirlər ki, “ərindən uşaq olmayacaq. Ona görə də sənə özgənin sperması vurulacaq”.  Qadınlar da çox zaman bu sövdələşməyə razılaşır. Təbii ki, ərin bu bədnam sövdələşmədən xəbəri olmur. Çox nadir hallarda kişi sonradan bilir ki, uşaq ondan deyil. Belə vəziyyətdə kişinin də hüquqları pozulur.

Ən dəhşətlisi də odur ki, gələcəkdə süni mayalanma hesabına qardaş bacı ilə evlənmiş olacaq. Beləliklə də, leqal şəkildə əmiuşağının, xalauşağının evlənməsinə qadağa qoymaqla paralel, anonim qardaş-bacının evlənməsinə yaşıl işıq yandırırıq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki