Son
günlər sənədsiz evlərin sənədləşdirilməsi, mühafizə zolağında yerləşən evlərin
isə söküntüsü məsələsi ölkədə aktualdır. Bir çox vətəndaş artıq sənəd əldə etmək
üçün müraciətini də edib. Lakin çoxları hələ də “Nəyi, necə edək?” sualı ilə
üz-üzədir.
Vətəndaşları
çaş-baş salan əsas məsələlərdən biri də mövcud olan və olmayan torpaq sənədi məsələsidir.
Bu məsələ
ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Azadov Referans-a açıqlamasında
danışıb.
“Keçən
ay Daşınmaz Əmlakın Dövlət Reysteri tərəfindən elan olundu ki, prezidentin
müvafiq fərmanı ilə 2015-ci ildə qəbul olunmuş 439 saylı sərəncamda əlavələr
olunub. Həmin sərəncamda Daşınmaz Əmlakın Dövlət Reysteri hansı sənədlərin əsasında
sənədləşmə işləri aparacağı qeyd olunub. Yəni bu qurum artıq həmin daşınmaz əmlakı
leqal qəbul edir və həmin əmlaka uyğun sənəd verir. Siyahı genişlənib, kolxoz,
sovxoz, yerli icra strukturları tərəfindən verilmiş sənədlər də artıq siyahıya əlavə
olunub”.
Ekspert qeyd edib ki, vətəndaşlar məsələni daha aydın şəkildə başa düşmən üçün sərəncama edilən dəyişiklikləri diqqətlə nəzərdən keçirməlidirlər.
“Mən
həmişə bildirirəm ki, bu amnistiya bir gün içində bütün qanunsuz tikililərə şamil
oluna bilməz. Yalnız qeyd olunan siyahı genişlənə bilər. Hazırda da bu baş
verir. Ona görə ki, qanunsuz tikililərin leqallaşması istiqamətində vahid qanun
üzərində bunu icra etmək mümkün deyil. Bizim ölkədə son 100 il ərzində müxtəlif
dövrlərdə müxtəlif ilkin sənədlərlə və yaxud da heç bir sənədi olmayan daşınmaz
əmlaklar ərsəyə gəlib. Onların hər birinin ümumi bir qanunla, sərəncamla həlli
mümkün deyil. Bu istiqamətdə normativ aktlar hazırlanmalıdır ki, onlar təsdiq
olduqda digər proseslər həyata keçirilsin. Eyni zamanda gördüyünüz kimi məsələn,
Nərimanov rayonu ərazisində mühafizə zolağında tikilən evlərin söküntüsü
aparılır. Bir çox vətəndaşlar da elə bundan narahatdırlar”.
Fidan
Vəlisoy