Bu gün 2024-2025-ci tədris ilinin ilk günüdür. Təhsil pillələrində ilk addımlarını atan birincilər məhz bu gün məktəblə tanış olurlar. Onların ürkək addımları valideynlərinin və müəllimlərinin daha da məsuliyyətini artırır. Ağlayan, məktəbə getmək istəməyən balacalar bəzən böyükləri də çıxılmaz vəziyyətdə qoyurlar.
Belə olan halda valideynlər və müəllimlər uşaqlara necə yanaşmalıdır?
Bu sualı psixoloq Aytən Ələkbərova Referans.az-a açıqlamasında cavablandırıb.
“İlk dərs günü məktəbə gedən uşaqların kimisinin sevincli olduğunu görürük, kimisinin isə sinif otağına girər-girməz ağlamasını müşahidə edirik. Hətta bu gün liftdə qarşılaşdığım iki uşaqdan biri ağlıyır, digəri isə ona təskinlik verirdi. Ağlayan balacaya biganə qala bilmədin və əlindən tutub dedim ki, “Səni özüm məktəbə aparacaq. Gör orada necə gözəl ab-havanın şahidi olacaqsan”. 6-7 yaşdan uşaqlarda ikinci şəxsiyyət dövrü başlayır və bu məktəbə başlama dövrü ilə eyni ana düşür. Beləliklə də, qorxular başlayır. Valideynlərin “Qoy məktəb açılsın, səni aparıb ora qoyacam, orda qalacaqsan. Heç gəlib götürməyəcəm də” və s. bu kimi sözləri uşaqların psixologiyasında bu prosesə səbəb olur. Əsəblə deyilmiş bir neçə cümlə beyin kütləsi az olan uşaqlarda bu anlayış qavrayışının pozulmasına səbəb olur. Bu qavrayışda uşaqlar məktəbi sanki təcridxana, bir cəza növü bilir. Bu səbəbdən ağlamalar olur və yaxud da baxırıq ki, valideyn heç anlamayıb ki, uşağı həddindən artıq çox yükləyib, hətta onun yay tətilini belə əlindən alıb. Yüklənmiş bir uşaq üçün məktəblə bağlı prosesləri beynində həddindən artıq çox çətinləşdirir”.
Psixoloq qeyd edib ki, bu adaptasiya dövrünü uğurla başa vurmaq üçün valideynlərin özünə də psixoloqla əlaqədə olmaq lazımdır. Müəllimlərə isə olduqca böyük və məsuliyyətli yük düşür.
“Bu xüsusiyyət, təbii ki, bütün uşaqlara şamil olunmur. Bir sinifdə cəmi 2-3 uşaq ağlayar ki, buna da səbəblərdən biri həmin uşaqların valideynlərinin özünün xroniki təşvişi olduğundan görünür ki, bu təşviş bətndaxili onun övladına keçmiş ola bilər. Həmçinin uşaqların məktəb mühitinə, sinif otağına, bir-birlərinə adaptasiya olmaları ibtidai sinif müəllimlərindən də asılıdır. Məhz buna görə də bu yay boyu ibtidai sinif müəllimlərini daimi olaraq xüsusi seminarlara dəvət etmişəm. İbtidai sinif müəllimləri yaş psixologiyasını və ikinci şəxsiyyət dövrünü mükəmməl bilməlidir. Bunun sayəsində bu mövzuda uşaqlara maksimum səviyyədə faydası dəyəcək”.
Fidan Vəlisoy
