Vardanyanın arvadı üstümüzə DƏSTƏ gətirir – Bakıdan SƏRT CAVAB

Bakıda həbsdə olan keçmiş mifik rejimin “dövlət naziri” Ruben Vardanyanın arvadı Veronika Zonabend Azərbaycana gəlmək istəyir. Xəbər verildiyi kimi, o, bu təşəbbüs çərçivəsində “beynəlxalq qadın humanitar nümayəndə heyəti”nin Bakıya səfərini təşkil etmək niyyətindədir. Zonabend geniş açıqlamasında deyib ki, Vardanyan üç ildən çoxdur ailəsini və yaxınlarını görə bilmir. Onun sözlərinə görə, bu müddətdə Rubenin nəvələri dünyaya gəlib. O, həmçinin həbsdə olan digər 18 erməni qatili də xatırladıb. Eyni zamanda, beynəlxalq ictimaiyyətin laqeydliyindən gileylənib. Sanki əri dissident və ya vicdan məhbusudur.



“Mən Azərbaycan Ombudsmanı xanım Səbinə Əliyevaya və onun ofisinə müraciət edərək, həmin nümayəndə heyətinin Bakıya səfərini, rəsmi görüşü, Umbakı Penitensiar Kompleksində saxlanılan erməni məhbusların ziyarətini və qanunla icazə verilən qaydada ailələrindən bağlamaların, fotoşəkillərin, məktubların və şəxsi əşyaların rəsmi şəkildə ötürülməsini dəstəkləmələrini xahiş edirəm”, - müraciətin sonunda Vardanyanın həyat yoldaşı çağırış edib.
Onu da qeyd edək ki, Ruben Vardanyan 2022-ci ilin oktyabr ayında Rusiya təcavüzünü maliyyələşdirməkdə və Donbasdakı separatçı qrupları dəstəkləməkdə şübhəli bilinərək “Myrotvorets” məlumat bazasına əlavə edilib və Ukrayna sanksiyaları altına düşüb.

Vardanyanın yəhudi arvadının gerçək niyyəti nədir? Niyə israrla Bakıya gəlməyə çalışır və üstəlik, üstümüzə “dəstə” gətirir? Bakıdan ona cavab nə olacaq?

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Musavat.com-a bildirib ki, Vardanyanın ailəsi və yaxınları beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməyin ən müxtəlif yollarına əl atır. Bunun hər hansı nəticə verməyəcəyini əminliklə söyləyən hüquq müdafiəçisi hesab edir ki, məqsəd Vardanyanın həbsini gündəmdə saxlamaqdır.



“Onun ailəsi yaxşı başa düşür ki, Bakıya gəlməklə nəticə dəyişməyəcək. Sadəcə, Vardanyanı digər erməni canilərdən ayırmağa, onun guya siysi məhkum olduğunu təbliğ etməyə çalışırlar. Amma heç bir beynəlxalq hüquq müdafiə təşkilatı belə bir bəyanatla çıxış etməyib. Yalnız ermənipərəst dairələrin çağırışları olub. Çünki Vardanyan təkcə Azərbaycanda qanunları pozmayıb, həm də eyni cinayətlərə Ukrayna ərazisində yol verib. Əgər Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən, Donbas separatizminə qarşı çıxan Qərb dövlətləri Azərbaycana gəldikdə fərqli mövqedən çıxış etsələr, o halda qərəzli davranmış olacaqlar. Yəni Ukraynaya gələndə Vardanyan separatçı və cinayətkardır, Azərbaycanda isə guya siyasi əsirdir. Təbii ki, bu da Avropanın öz dəyərlərinə hörmətsizliyi sayılar. Ona görə də Vardanyanı müdafiə edən ailəsi və ona yaxın kiçik çevrədir”,- deyə Ç.Qənizadə vurğulayıb.

Hüquqşünas hesab edir ki, onun ailəsinin və bir qrup hüquq müdafiəçisinin Azərbaycana gəlişində problem yoxdur, amma bu məsələ siyasi kampaniya xarakteri daşıyacaq: “Bu adam Rusiya vətəndaşı olub, Azərbaycan ərazisinə qanunsuz şəkildə daxil olub. Həmin müddətdə sülhməramlı qüvvələrin himayəsi altında Azərbaycana hədyanlar səsləndirib, dinc erməniləri silahlı mübarizəyə çağırıb və təslim olmamaqdan dəm vurub. Belə bir terrorçu fəaliyyəti olan, Rusiyadan göndərilmiş bir cinayətkarı niyə beynəlxalq aləm müdafiə etməlidir? Üstəlik, dediyim kimi, Ukraynadakı cinayətkar əməlləri də təsdiq olunub. Digər tərəfdən, Vardanyan Qarabağda doğulmayıb, bu hadisələrə qədər ərazilərimizdə olmayıb, hansı əsasla səehədi qanunsuz keçərək torpaqlarımıza gəlib? Nə üçün erməni separatizminə maliyyə dəstəyi verib? Əslində, bu sualları cavabı çoxdan aydındır, məhkəmə prosesində sübutlar təqdim olunub və ona layiqli cəza verilib. Odur ki, ailəsinin həşir salmasının heç bir hüquqi əsası yoxdur. Vardanyan və digərləri Azərbaycan qanunlarını pozub, dövlətimizə və xalqımıza qarş cinayətkarlıqla məşğul olub, istənilən Avropa dövləti yerimizə olsaydı, eyni addımı atardı”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki