Son dövrlər bölgələrdə vətəndaşların öz həyətyanı sahələrində ağac kəsməsinə görə cərimələnməsinə dair məlumatlar yayılır.
Bir çox sakin illər əvvəl öz əlləri ilə əkdiyi və ya həyətində yetişdirdiyi ağacları kəsmək istədikdə hüquqi məhdudiyyətlərlə üzləşdiyini bildirir.
Vətəndaş fərdi həyətyanı sahəsindəki ağacı kəsmək, yaxud köçürmək üçün hər hansı icazə almalıdır? İstisnalar varmı?
Referans Media xəbər verir ki ,mövzu ilə bağlı "Cebheinfo.az"-ın sorğusuna Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza Agentliyindən bildirilib ki, vətəndaş öz həyətindəki ağacları kəsə bilər, lakin xüsusi mühafizə olunan ağaclar bu qaydaya aid deyil:
"Vətəndaşın özünə məxsus xüsusi mülkiyyətdə olan fərdi həyətyanı sahəsindəki yaşıllıqları götürməsi, yaxud köçürməsi üçün icazə almasına ehtiyac yoxdur. Lakin sözügedən ağac “Qırmızı Kitab”a daxildirsə, yaxud xüsusi təbiət abidəsi statusundadırsa, vətəndaş bu yaşıllıqları götürə bilməz".
