Bu gün cəmiyyətdə ən çox ehtiyac duyulan sahələrdən biri də psixoloq köməyidir. İnsanlar çətinə düşəndə, daxili sıxıntılar yaşayanda dərdlərini bölüşmək və çarə tapmaq üçün psixoloqlara üz tuturlar. Amma təəssüf ki, rəngli sosial şəbəkə hesablarına, gözəl bəzədilmiş ofislərə aldanıb mütəxəssis seçmək bəzən böyük fəsadlara yol açır. Çünki özünü "klinik psixoloq" adlandıran bir sıra şəxsin əslində bu sahədə heç bir rəsmi icazəsi və dövlət tərəfindən tanınan təhsili yoxdur.
Bunun ən son və bariz nümunələrindən biri Ülviyyə Murtuzova ilə bağlıdır. Özünü cəmiyyətə aktiv şəkildə klinik psixoloq kimi təqdim edən bu şəxslə bağlı kiçik bir araşdırma rəsmi gerçəkliyi ortaya çıxarır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibb Kadrlarının Vahid Reyestrinə nəzər saldıqda məlum olur ki, bu sistemdə Ülviyyə Murtuzova adlı klinik psixoloq qeydiyyatı ümumiyyətlə yoxdur.
Bəs rəsmi reyestrdə olmamaq nə deməkdir?
Sadə dildə desək, əgər bir şəxsin adı dövlətin rəsmi tibbi kadrlar siyahısında yoxdursa, deməli:
Onun bu ağır və məsuliyyətli işi görmək üçün qanuni icazəsi yoxdur.
İnsanlara vurduğu kliniki və psixoloji status tamamilə qondarmadır.
Bu, açıq-aşkar insanları aldatmaq və onların etibarından istifadə etməkdir.
Psixologiya elə bir sahədir ki, bura səhv müdaxilə insanın həyatını alt-üst edə bilər. Tibbi savadı, rəsmi diplomu və dövlət qeydiyyatı olmayan şəxslərin insanlara "məsləhət verməsi", seanslar keçirməsi qəbulolunmazdır. Səhiyyə sisteminin tanımadığı bir adam hansı haqla insanların daxili dünyasına, mənəviyyatına müdaxilə edir?
Bu cür hallar sadəcə peşə qaydalarını pozmaq deyil, birbaşa vətəndaşların sağlamlığını təhlükəyə atmaqdır. Bir insanın adına vizit kartı çap edib özünü "psixoloq" elan etməsi ilə iş bitmir. Bunun arxasında rəsmi məsuliyyət dayanmalıdır.
Buradan həm aidiyyəti qurumlara, həm də sadə vətəndaşlara çağırış edirik. Rəsmi qeydiyyatı olmadan fəaliyyət göstərən, insanları aldadan bu cür saxta mütəxəssislərin işi mütləq araşdırılmalıdır.
Biz vətəndaşlar isə hər qarşımıza çıxana, özünü reklam edənə inanmamalıyıq. Kiminsə qəbuluna getməzdən əvvəl onun diplomunu, ən əsası isə Səhiyyə Nazirliyinin rəsmi bazasında adının olub-olmadığını yoxlamaq lazımdır. Unutmayın ki, saxta həkim canı, saxta psixoloq isə ruhu zədələyir. Özünüzü və yaxınlarınızı qoruyun!
Sima Babayeva
