Vətəndaşların nəzərinə: Ehtiyatlı olun! – Saniyələr içində öldürürbackend

Vətəndaşların nəzərinə: Ehtiyatlı olun! – Saniyələr içində öldürür

  Bakının Şıx çimərliyində qeyri-rəsmi – yəni nəzarətsiz sahəyə daxil olan iki yeniyetmə axşam saatlarında dənizdə boğularaq həlak olub. Hadisə cəmiyyətdə ciddi narahatlıq yaradıb. Mütəxəssislər və ictimaiyyət bu cür faciələrin qarşısının alınması üçün hansı tədbirlərin görülməli olduğu barədə müzakirələr aparır. Qadağan olunmuş ərazilərdə üzmənin qarşısını kim almalıdır – polis, yoxsa FHN sahil nəzarətçiləri?

Globalinfo.az-a danışan təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayevin fikrincə, çimərliklərdə baş verən faciələrin böyük əksəriyyəti insan faktoru ilə bağlıdır:

“Dəniz istirahət üçün cəlbedici məkan olsa da, qəfil təhlükəyə çevrilə bilər. Təəssüf ki, bəzi insanlar spirtli içki qəbul etdikdən sonra suya girir, uşaqları nəzarətsiz buraxır və ya qadağan olunmuş ərazilərdə çimirlər. Halbuki yalnız rəsmi və nəzarət olunan çimərliklərdən istifadə etmək tövsiyə olunur. Bu zonalarda FHN-in xilasedici heyəti fəaliyyət göstərir və fövqəladə hal zamanı operativ müdaxilə mümkündür”.
 
Ekspert bildirib ki, nəzarətsiz çimərliklərdə xilasedici xidmətin olmaması faciələrin qarşısını alınmaz edir:

“Rəsmi çimərliklərdə suyun dərinliyi əvvəlcədən ölçülür, dibdə təhlükə yarada biləcək daş və qaya parçaları təmizlənir. Dənizə girməzdən əvvəl hava şəraiti, küləyin gücü və dalğanın hündürlüyü nəzərə alınmalıdır. Hətta peşəkar üzgüçülər belə bu faktorların təsiri ilə çətin vəziyyətə düşə bilirlər”.

Orxan Musayev maarifləndirici işlərin gücləndirilməsinin vacibliyini də vurğulayıb:

“İnsanlar yalnız “dalğa var, girmək olmaz” kimi xəbərdarlıqlarla kifayətlənməməlidirlər. Bilməlidirlər ki, axın bədənə necə təsir edir, boğulma zamanı orqanizmdə hansı proseslər baş verir. Belə biliklər həyati əhəmiyyət daşıyır. Qadağan olunmuş ərazilərdə çimən şəxslərə inzibati cəza tədbirləri tətbiq edilməlidir. Vətəndaş alkoqol qəbul edərək suya girir və ya icazəsiz zonalardan istifadə edirsə, buna həm ictimai qınaq, həm də cərimə tədbirləri ilə reaksiya verilməlidir. Çünki boğulma hadisələri çox zaman səssiz və saniyələr içində baş verir. Hər il təkrarlanan bu hadisələrin səbəbi məsuliyyətsizlik və “bizə heç nə olmaz” düşüncəsidir. Bu yanaşmadan qurtulmaq zamanıdır”.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki