“ABŞ və İsrail tərəfindən İrana qarşı həyata keçirilən zərbələr regionda və qlobal miqyasda təhlükəsizlik və sabitliyə ciddi təhdid yaradır. İranın ali rəhbəri Ayətullah Seyid Əli Xameneinin həlak olması isə vəziyyəti daha da mürəkkəbləşdirir”.
Referans Media xəbər verir ki, bu sözləri Globalinfo.az-a Ədalət Partiyasının sədri, siyasi şərhçi Mütəllim Rəhimli İranda ali liderin öldürülməsindən sonra varisin kim olacağı ilə bağlı mövzuya münasibətdə bildirib.
Siyasi şərhçi deyib ki, dövlət başçılarının və ya yüksək rütbəli şəxslərin hədəfə alınması beynəlxalq hüquq normalarına ziddir:
“Belə bir hadisə yeni və son dərəcə təhlükəli mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.
Hazırda Xameneinin vəzifəsini müvəqqəti olaraq icra edəcək üç şəxs müəyyənləşdirilib. Məlumata görə, ali lider vəzifəsinə seçilmək baxımından İslam alimi, müctəhid Əlirza Ərafinin və Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin şansı daha yüksək qiymətləndirilir.
Amma bütün bunlara baxmayaraq, bizim üçün İranda kimin ali dini lider olacağı deyil, sistem əsasdır. Əgər məsələyə nəzəri baxımdan yanaşsaq, sistem dəyişmədiyi təqdirdə başda kimin dayanmasının ciddi fərqi yoxdur. Yəni siyasətin mahiyyəti dəyişməyəcək.
Mütəllim Rəhimli
Əgər yeni seçiləcək şəxs İranın qonşularla və ya dünya ilə münasibətlərində dəyişiklik edərsə, o zaman tamamilə fərqli mənzərənin şahidi ola bilərik. Hesab edirəm ki, bu, İranın daxili işidir. Məsələ ilə bağlı məsul olan şəxslər, yəqin ki, öz aralarında müvafiq namizədin seçilməsi istiqamətində qərar verəcəklər.
Bizim arzumuz ondan ibarətdir ki, İranın indiyə qədər Azərbaycanla bağlı apardığı yanlış siyasət köklü şəkildə dəyişsin və iki ölkə arasında dostluq münasibətləri daha da möhkəmlənsin”.






















