İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri İbrahim Əzizi Hörmüz boğazının yenidən bağlanması və dəniz blokadasının sərtləşdirilməsi ilə bağlı beynəlxalq koalisiyaya qarşı kəskin bəyanatla çıxış edib.
Referans Media xəbər verir ki, Əzizi İranın xəbərdarlıqlarına məhəl qoymayan Qərb ölkələrini regionda yaranacaq yeni böhranın nəticələri ilə üz-üzə qalacaqları barədə hədələyib.
İranlı deputat ABŞ və Britaniyanın dənizdəki hərəkətlərinə cavab olaraq sosial şəbəkə hesabında diplomatik gərginliyi zirvəyə daşıyan şok mesaj paylaşıb: “Biz xəbərdarlıq etmişdik, siz isə diqqət yetirmədiniz! İndi Hörmüz boğazında vəziyyətin əvvəlki qapalı vəziyyətinə qayıtmasının dadını çıxarın!”.
İbrahim Əzizi vurğulayıb ki, İran Hörmüz boğazını yalnız rəsmi Tehranın şərtlərinə əməl edənlər üçün açacaq və “47 illik qonaqpərvərlik artıq başa çatıb”. O, ABŞ-ın İrana qarşı tətbiq etdiyi dəniz blokadasını və gəmilərin geri qaytarılmasını strateji səhv adlandıraraq, Tehranın buna cavabının daha ağır olacağını bildirib. Parlament rəsmisi həmçinin qeyd edib ki, beynəlxalq aktlar yalnız İranın təhlükəsizlik maraqları çərçivəsində tənzimlənən yeni “Dəniz Nizamı”na tabe olmalıdırlarsa, boğazdan keçə bilərlər. Bu çıxış Britaniyanın baş naziri Kir Starmerin Hörmüzü güclə açmaq üçün 35 ölkədən ibarət koalisiya yığmaq cəhdlərinə birbaşa cavab kimi qiymətləndirilir. Ekspertlərin fikrincə, bu bəyanat aprelin 21-də bitəcək atəşkəsin yerini genişmiqyaslı dəniz müharibəsinə verə biləcəyinin ən bariz göstəricisidir./musavat.com






















