Bakının Xətai rayonunda avtobus zolağının düzgün xətlənməməsi sürücülərin cərimələnməsi ilə nəticələnib.
Referans Media “Oxu.Az”a istinadla xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə videogörüntü yayılıb.
Videoda şikayət edən sürücü bildirib ki, Əhmədli qəsəbəsi, Vunqtau küçəsində avtobus zolağının kənarında qanunvericiliyin tələblərinə uyğun 1.1 xətti çəkilmədiyi halda ona inzibati cərimə tətbiq olunub.
Sürücünün sözlərinə görə, yol nişanlanmasının düzgün aparılmaması sürücüləri çaşqın vəziyyətə salır və nəticədə əsassız cərimələrə səbəb olur.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis mayoru Toğrul Nəsirli sorğuya cavab olaraq bildirib ki, videogörüntü ilə əlaqədar araşdırma aparılıb:
“Sözügedən ərazidə 5.9 yol nişanının (ümumi istifadədə olan nəqliyyat vasitələrinin hərəkəti üçün ayrılmış zolaq) mövcud olduğu müəyyən edilib. Qanunvericiliyin tələblərinə əsasən, həmin zolaqda digər nəqliyyat vasitələrinin dayanması və durması, eyni zamanda, hərəkəti qadağandır və bu da öz növbəsində inzibati məsuliyyət yaradır”.























