image-imagesbackend

Yağış evləri zərərə saldı: İcbari sığorta yenidən gündəmdə

Son günlər aralıqsız yağan yağışlar nəticəsində bir çox evə ziyan dəyib. Bu hadisələr fonunda evlərin icbari sığortası məsələsi yenidən aktuallaşıb və müzakirələrə səbəb olub.

image-vuqar-orucMövzu ilə bağlı Referans Media-ya açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc bildirib ki, evlərin sığortasının icbari olması zəruridir. Onun sözlərinə görə, iqlim dəyişiklikləri, gözlənilməz subasmalar, zəlzələ ehtimalı və digər təbii fəlakət risklərinin artması vətəndaşların əmlak təhlükəsizliyini ciddi şəkildə gündəmə gətirir.

Ekspert qeyd edib ki, hazırda mənzillərlə bağlı icbari sığorta tətbiq olunsa da, bu, kifayət deyil və bütün daşınmaz əmlak obyektlərinə – torpaqlara, qeyri-yaşayış sahələrinə, fərdi yaşayış evlərinə də şamil olunmalıdır. O vurğulayıb ki, real icbari sığorta sistemi formalaşdırılarsa, hər hansı hadisə baş verdikdə vətəndaşlar dəymiş zərəri sığorta hesabına kompensasiya edə bilərlər.

V.Orucun fikrincə, bu yanaşma dövlətin üzərinə düşən maliyyə yükünü də azaldacaq. Çünki hazırda evlərin böyük hissəsi həm sığortasız, həm də sənədsizdir və belə hallarda dövlət vətəndaşların zərərini kompensasiya etmək məcburiyyətində qalır. Ekspert hesab edir ki, bu problemin həlli üçün amnistiya tətbiq olunmalı, evlərə və torpaqlara hüquqi status verilməli və dövlət qeydiyyatı aparılmalıdır ki, onlar sığorta subyekti kimi çıxış edə bilsinlər.

O, həmçinin bildirib ki, hazırda sığorta sisteminə etimad tam formalaşmayıb. Bir çox hallarda vətəndaşlar müqavilələrdəki şərtlərə görə ödənişlərin ya verilmədiyini, ya da çox məhdud məbləğdə ödənildiyini düşünürlər. Bu problemlər xüsusilə icbari avtomobil sığortasında tez-tez məhkəmə mübahisələrinə səbəb olur.

Ekspert əlavə edib ki, vətəndaşlar bəzən daşınmaz əmlak sığortası ilə əşyaların sığortasını qarışdırırlar. Əşyaların sığortalanması ayrıca və könüllü sığorta məhsulu kimi təqdim olunur və inkişaf etmiş ölkələrdə geniş yayılıb.

V.Oruc vurğulayıb ki, bütün hallarda dövlət vətəndaş hüquqlarının qorunmasına cavabdeh əsas qurumdur. Bununla yanaşı, sığorta sistemi də aktiv rol oynamalı və Azərbaycanda daha yaxşı təşkil olunmalıdır. Onun sözlərinə görə, icbari sığortanın tətbiqi sığorta şirkətlərinin maliyyə dayanıqlığını artıracaq və kütləvi zərərlər zamanı kompensasiyaların ödənilməsini mümkün edəcək.

Ekspert sonda qeyd edib ki, sığorta sisteminə ciddi nəzarət mexanizmləri tətbiq olunmalı, qiymətləndirmə prosesi şəffaf şəkildə aparılmalı və dəymiş zərər obyektiv müəyyənləşdirilməlidir. Bunun üçün qiymətləndirmə sektorunun da prosesə aktiv şəkildə cəlb edilməsi vacibdir.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki