Yaponiyada görünməmiş ayı həyəcanı: 94 məktəbdə dərslər dayandırıldı

Yaponiyanın paytaxtı Tokionun yaxınlığında yerləşən Utsunomiya şəhərində ilk dəfə şəhər mərkəzində ayı görünməsi səbəbindən təhlükəsizlik tədbirləri gücləndirilib və 94 ibtidai və orta məktəbdə dərslər müvəqqəti dayandırılıb.

Təxminən 1 metr uzunluğunda olan Asiya qara ayısı əvvəlcə park yaxınlığında, daha sonra yaşayış və sənaye zonalarında müşahidə edilib. Heyvanın hələ də tutulmaması şəhərdə narahatlığa səbəb olub.

Yerli hakimiyyət sakinlərə qapı və pəncərələri bağlı saxlamağı, ayı ilə qarşılaşdıqları halda ona yaxınlaşmadan ən yaxın binaya sığınmağı tövsiyə edib. Polis və ovçular heyvanın axtarışını davam etdirir.

Mütəxəssislərin fikrincə, ayıların yaşayış məntəqələrinə yaxınlaşmasının əsas səbəbləri təbii qida mənbələrinin azalması və kənd yerlərində əhalinin sayının sürətlə azalmasıdır.

Qeyd edək ki, Yaponiyada bu il təxminən 50 min ayı müşahidəsi qeydə alınıb və ayı hücumları ilə bağlı ölüm və xəsarət halları son illərin ən yüksək səviyyəsinə çatıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki