Zelenski: Müharibə şərəfli sülhlə başa çatdırılmalıdır

Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin başa çatdırılması üçün aparılan sülh danışıqları ilə bağlı açıqlama verib. O bildirib ki, əsas məqsəd Ukrayna və Ukrayna xalqı üçün şərəfli sülhün əldə olunmasıdır.

Referans Media xəbər verir ki, Zelenski “Ukrayna Diplomatik Xidmət Günü” münasibətilə Kiyevdə Xarici İşlər Nazirliyində keçirilən tədbirdə çıxış edib. O, müharibə şəraitində ölkəsinə xidmət göstərən diplomatlara təşəkkür edərək, Ukraynaya beynəlxalq dəstəyin əhəmiyyətini vurğulayıb. Prezident qeyd edib ki, Ukrayna tarixində ilk dəfə olaraq demək olar ki, bütün dünyanı birləşdirə bilib.

ABŞ-ın müharibəni dayandırmaq məqsədilə hazırladığı sülh planı üzrə danışıqların davam etdiyini bildirən Zelenski, səmərəli və məzmunlu danışıqlar prosesinin vacibliyini diqqətə çatdırıb. Onun sözlərinə görə, son günlər ABŞ-də Ukrayna nümayəndə heyətinin iştirakı ilə sülh müzakirələri aparılıb və 20 maddədən ibarət ilkin plan mövcuddur.

Zelenski ABŞ nümayəndə heyətinin Rusiya tərəfi ilə danışıqları davam etdirəcəyini qeyd edərək, “İlk növbədə Ukrayna və Ukrayna xalqı üçün bu müharibəni şərəfli bir sülhlə başa çatdırmalıyıq”, – deyə vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki