Son dövrlərdə dünyada baş verən müharibələr və geosiyasi gərginlik fonunda müxtəlif iddialar yayılır. Bu iddialardan biri də müharibələrin zəlzələlərin yaranmasına şərait yaratdığı ilə bağlıdır. Mütəxəssislər isə bu fikirlərin elmi əsasının olmadığını bildirirlər.
Mövzu ilə bağlı Referans Media-ya açıqlama verən Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev qeyd edib ki, zəlzələlərin ardıcıl baş verməsinin müharibələrlə heç bir əlaqəsi yoxdur:
“Zəlzələlərin belə ardıcıl davam etməyinə müharibə qətiyyən təsir edə bilməz. Ən güclü, ən zəif müharibə belə bu proseslərə təsir göstərmir. Bunlar tamamilə fərqli hadisələrdir və heç vaxt bir-birinə səbəb ola bilməz”.
Ekspertin sözlərinə görə, zəlzələlər yerin dərin qatlarında baş verən təbii proseslərin nəticəsidir: “Zəlzələlər əsasən 40-50, hətta 60 kilometr dərinlikdə, yer qabığında yerləşən plitələrin toqquşması nəticəsində yaranır. Bu proseslər tamamilə təbii xarakter daşıyır”.
O bildirib ki, dünyada əsas sismik aktivlik müəyyən zonalarda müşahidə olunur: “Əsasən üç istiqamətdə sismik zonalar var. Bunlardan biri Fransanın şimalından başlayaraq İndoneziyaya qədər uzanan əraziləri əhatə edir və zəlzələlər əsasən bu qurşaqda baş verir”.
Ənvər Əliyev bir daha vurğulayıb ki, müharibələrin yerin dərin qatlarına təsir etməsi mümkün deyil: “Müharibə yerin dərinliyinə çata bilməz. Bu baxımdan onun zəlzələlərə təsiri yoxdur”.
Ekspert əlavə edib ki, Azərbaycan üçün də bu baxımdan ciddi təhlükə və ya xüsusi tendensiya müşahidə olunmur: “Azərbaycan üçün elə qorxulu bir vəziyyət yoxdur ki, deyək buna görə xüsusi risk yaranır. Mənə elə gəlir ki, narahatlığa əsas verən ciddi bir xəbər yoxdur”.
Gülnaz Abdullazadə.
