Regional əməkdaşlıq müasir dünyanın əsas inkişaf modellərindən biri kimi getdikcə daha çox ön plana çıxır. Xüsusilə geosiyasi gərginliklərin artdığı, iqtisadi və nəqliyyat marşrutlarının yenidən formalaşdığı bir dövrdə Cənubi Qafqazda sabitliyin və qarşılıqlı əməkdaşlığın təmin olunması strateji əhəmiyyət daşıyır. Bu baxımdan Zəngəzur dəhlizi layihəsi yalnız nəqliyyat xətti deyil, həm də regionda uzunmüddətli sülh və iqtisadi inteqrasiyanın əsas platformalarından biri kimi qiymətləndirilir.
Milli Məclisin deputatı Azər Badamov Referans Media-ya bildirib ki, regionalizmin ilk dalğası ötən əsrin 50-60-cı illərində ortaya çıxsa da, hazırda dünyada baş verən proseslər regional əməkdaşlığın vacibliyini bir daha nümayiş etdirir. Onun sözlərinə görə, ilkin mərhələdə regional balansın qorunmasına çalışılmasa, davamlı inkişaf və sabitlik əldə etmək mümkün olmayacaq.
Deputat qeyd edib ki, Cənubi Qafqaz regionunda əməkdaşlıq mühiti formalaşdırılmalıdır ki, bölgə illər boyu şahidi olduğu müharibə və münaqişələrdən uzaqlaşsın. Onun fikrincə, regional əməkdaşlıq daha sıx iqtisadi münasibətlər, qarşılıqlı ticarətin genişlənməsi, açıq bazar və intensiv mübadilə deməkdir. Azər Badamov vurğulayıb ki, burada söhbət yalnız səthi inteqrasiyadan getmir, əsas məqsəd dayanıqlı sülhün təmin edilməsidir və bu, yalnız çoxtərəfli əməkdaşlıq çərçivəsində mümkündür.
Millət vəkili hesab edir ki, konsensusa nail olunması və maneələrin aradan qaldırılması istiqamətində addımlar atılmalıdır. Bu yanaşma həm uyğunsuz siyasətlərdən qaynaqlanan problemlərin qarşısını alacaq, həm də yeni əməkdaşlıq imkanlarının yaranmasına şərait yaradacaq.
Azər Badamov Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı mövqeyini də xüsusi vurğulayıb. Deputat bildirib ki, dövlət başçısının bu layihəyə yanaşması olduqca strateji və uzaqgörəndir. Prezident İlham Əliyevin “Zəngəzur dəhlizi sülhün fundamental elementlərindən biridir” fikri regionda davamlı sabitliyin formalaşdırılmasına xidmət edir. Onun sözlərinə görə, həyata keçirilən siyasət yalnız Azərbaycanın deyil, bütövlükdə Cənubi Qafqazın gələcəyinə hesablanıb.
Deputat əlavə edib ki, regional əməkdaşlığın təşviqi, xarici investorların bölgəyə cəlb olunması və beynəlxalq diqqətin Cənubi Qafqaza yönəldilməsi regionun iqtisadi mərkəzə çevrilməsinə ciddi töhfə verə bilər. O qeyd edib ki, Zəngəzur dəhlizinin reallaşması həm iqtisadi dirçəliş, həm də siyasi baxımdan mühüm dividendlər vəd edir.
Azər Badamovun sözlərinə görə, layihənin əsas üstünlüklərindən biri bölgənin beynəlxalq yükdaşımaların vacib hissəsinə çevrilməsidir. Bu isə həm dövlətlər, həm özəl sektor, həm də vətəndaşlar üçün yeni iqtisadi imkanlar yaradacaq.
Deputat sonda vurğulayıb ki, Zəngəzur dəhlizi artıq təkcə regional layihə deyil, qlobal iqtisadi və siyasi əməkdaşlıq baxımından strateji əhəmiyyət daşıyan platformaya çevrilməkdədir.
