Böyük Britaniyada 1964-cü ilə aid “zaman kapsulu” tapılıb və onun gələcəyi öncədən xəbər verdiyi iddia olunur.
Referans Media xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
Tapıntı Londonda yerləşən Kristal Pəlas parkının yenidən qurulması zamanı aşkarlanıb.
“İşçilər məşhur memar ser Cozef Pakstonun böyük büstünün altında bir “zaman kapsulu” aşkar ediblər. Qutunun içində bir neçə sikkə və bir məktub olub.
Məktubun müəllifi yazıb ki, o, Surrey qraflığında keçirilən Epsom Derbisində “Christmas” adlı atın birinci gəlməsi nəticəsində pul udub və tapana da eyni şəkildə şansını sınamağı tövsiyə edir.
Yenidənqurma işlərinə rəhbərlik edən Coş Smolz həmkarları ilə birlikdə bu “məsləhətə” əməl etməyə qərar veriblər. O, yarış iştirakçılarını araşdırıb “Christmas” (Milad) adlı ata 20 funt mərc qoyub və həmin at həqiqətən də birinci gəlib”.
Məlum olub ki, “zaman kapsulu”nu P. Rayt Paterson adlı şəxs büstün altına yerləşdirib. Onun yaxınları ilə əlaqə saxlanılıb-saxlanılmadığı barədə açıqlama yoxdur./Globalinfo.az
