Təkbaşına uşaq böyüdür, iki şirkət idarə edir, sağlamlığını isə illərlə ikinci plana atırdı. Ta ki xəstəxanada eşitdiyi bir cümlə hər şeyi dəyişənədək: “Bu təzyiqlə hər an iflic keçirə bilərsən.” 2020-ci ilin əvvəlində 50 yaşlı Trish Cheatham üçün bu sözlər sadə xəbərdarlıq deyil, həyatının dönüş nöqtəsi oldu.
“Həmişə özümü yox, başqalarını seçmişdim”
ABŞ-ın Orta Qərb bölgəsində yaşayan Trish, gərgin iş rejimi və autizmli oğlunu təkbaşına böyütməyin yükü altında illər boyu özünü laqeyd qoydu. Tərəzidə çəkisi təxminən 92 kilo idi. Adətən aşağı olan təzyiqi isə 166/100-ə qalxmışdı. Həkimlər vəziyyəti ciddi qiymətləndirərək onu evə buraxmazdan əvvəl təzyiq ölçən cihaz almasını və gün ərzində dörd dəfə ölçüm aparmasını tapşırdılar. “Çox qorxdum. Oğlumu düşündüm. Özümə söz verdim: nə lazımdırsa edəcəyəm,” — deyən Trish ilk olaraq şəkərlə vidalaşdı.
İlk addım: Şəkərsiz həyat
Xəstəxanadan çıxan kimi Trish 10 günlük şəkər detoksuna başladı. Emal olunmuş qidalar menyudan çıxarıldı, şəkər və alkoqol tam dayandırıldı, gəzintilərlə hərəkətə qayıdıldı. Əvvəl yavaş, sonra gündə 16 km-yə qədər artan yürüşlər nəticəsində cəmi 3 ayda 11 kilo verdi.
“Yaşım keçib” bəhanəsini kənara qoydu
Sosial mediada rast gəldiyi bir fitnes hesabı onun baxışını dəyişdi. “Yaşım keçib” düşüncəsinin mif olduğunu anladı və onlayn dönüşüm proqramına qəbul olunan azsaylı iştirakçılardan biri oldu. Pandemiya dövründə idman zalları bağlandı, amma bəhanələr də qalmadı. Trish oğlu ilə birlikdə karavan alaraq ABŞ-ı gəzməyə başladı. 9 ayda 15 min km yol qət etdi. Proqram dəyişmirdi: tənzimlənən hantellər, rezin lentlər, yoqa döşəyi və ardıcıllıq. Hər gün məşq etdi — düşərgələrdə, təbiətdə, karavanın önündə. Videolar çəkib məşqçisinə göndərdi.
Sərt, amma davamlı qidalanma
Gündə 5 öyün, protein ağırlıqlı plan, üzvi ət, tərəvəz, meyvə, bol su; emal olunmuş qidalar isə yox idi. Alkoqol həyatından tam çıxdı. “Əvvəl çətin görünsə də, bədən uyğunlaşır. Enerjim artdı, dərim və saçım dəyişdi,” — deyən Trish 48 yaşında təkcə arıqlamamış, bədənini yenidən formalaşdırmışdı. Bu mərhələdə özünə yeni hədəf qoydu: fitnes səhnəsinə çıxmaq. Əvvəl tərəddüd etsə də, bir yarışmanı izlədikdən sonra fikri dəyişdi: “Səhnə mənim üçün azadlıq idi. Mövzum küllərindən doğan anka quşu idi. Çünki köhnə həyatımdan doğulmuşdum.”
Bu gün: 55 kilo və yeni həyat
Bu gün Trish təxminən 55 kilodur. Fitnes yarışmalarına qatılır, hər gün idman edir və minlərlə insana ilham verir. Sağlam həyatın bahalı olmadığını, çox vaxt daha ucuz başa gəldiyini deyən Trish tez-tez “Estetik etdirmisən?” sualı ilə qarşılaşır. Cavabı isə qətidir: “Xeyr. Əməliyyat yox. Filtr yox. Foto redaktəsi yox. Bu bədən zəhmətin nəticəsidir. Və bunu hər kəs bacara bilər.”






















