İspaniyanın Baş naziri Pedro Sançes yanvar ayından etibarən ölkə üzrə qüvvəyə minəcək aylıq 60 avroluq vahid nəqliyyat kartı tətbiq olunacağını açıqlayıb. Sözügedən kart şəhərətrafı qatarlar, orta məsafəli regional qatarlar və dövlətə məxsus avtobus şəbəkələrində etibarlı olacaq.
Referans Media xəbər verir , Baş nazir Sançes 2025-ci il üzrə siyasi qiymətləndirmə ilə bağlı Madrid şəhərindəki Monkloa iqamətgahında keçirdiyi mətbuat konfransında yeni tətbiqin detalları barədə məlumat verib. Bildirilib ki, 26 yaşadək gənclər üçün bu kartın aylıq qiyməti 30 avro təşkil edəcək.
Sançes qeyd edib ki, vahid nəqliyyat kartı sayəsində ispan vətəndaşları aylıq ictimai nəqliyyat xərclərində təxminən 60 faiz qənaət edəcəklər. Onun sözlərinə görə, “Bu, hər ay təxminən 2 milyon insanın işə, evə və gündəlik həyatına daha rahat çatmasından bəhs edir. Bu addım həm dayanıqlı nəqliyyata, həm də orta və işçi sinfinə yönəlmiş güclü bir öhdəlikdir”.
Siyasi mesajlar da verildi
Mətbuat konfransında daxili siyasi məsələlərə də toxunan Baş nazir, rəhbərlik etdiyi Sosialist İşçi Partiyası (PSOE) daxilində aparılan korrupsiya araşdırmaları və cinsi təcavüz qalmaqallarına qarşı şəffaf və qətiyyətli mövqe nümayiş etdirəcəklərini bildirib. Sançes müxalifəti hökumətə qarşı “yalan və qaralama kampaniyası aparmaqda” ittiham edib.
Junts partiyasının azlıq koalisiya hökumətinə verdiyi kənar dəstəyi geri çəkməsinə baxmayaraq, hökumətin fəaliyyətini davam etdirəcəyini deyən Sançes, müxalifətin tələblərinə rəğmən ümumi seçkilərin 2027-ci ildə keçiriləcəyini bir daha vurğulayıb.
