7 bal gücündə zəlzələ bildirişi panika yaratdı – Bu, texniki səhv idi, yoxsa kiber hücum?

Türkiyədə gecə saatlarında milyonlarla insanın telefonuna gələn fövqəladə bildiriş geniş təşvişə səbəb olub. Bildirişdə İsrail ərazisində 7 bal gücündə zəlzələ gözlənildiyi göstərilib. Halbuki xəbərdarlıq edilən ərazi Türkiyədən təxminən 1100 kilometr uzaqlıqda yerləşir.

Referans Media xəbər verir ki, real vaxt rejimində işləyən zəlzələ xəbərdarlıq tətbiqi üzərindən yayılan bildiriş Türkiyədəki istifadəçilərə də çatıb. Bu isə erkən xəbərdarlıq sistemlərinin etibarlılığı ilə bağlı ciddi suallar yaradıb. Hadisə sosial şəbəkələrdə sürətlə yayılıb və vətəndaşlar arasında çaşqınlıq doğurub.

Ortaya atılan iddiaya görə, İsrailin zəlzələ şəbəkəsinin real vaxt xəbərdarlıq sisteminə kənardan müdaxilə edilmiş ola bilər.

İddiaya əsasən: Sistem başqa ölkələrdəki cihazlara yanlış siqnal göndərə biləcək şəkildə yönləndirilmiş ola bilər; Bənzər halların gələcəkdə digər şəhərlərdə də təkrarlanması ehtimalı istisna edilmir;

Bu cür hadisə genişmiqyaslı panikaya səbəb ola bilər.  Lakin hazırda bu versiya rəsmi qurumlar tərəfindən təsdiqlənməyib.

Rəsmi açıqlama gözlənilir

Məsələ ilə bağlı aidiyyəti qurumlar tərəfindən hələlik ətraflı texniki rəy açıqlanmayıb. Mütəxəssislər isə erkən xəbərdarlıq sistemlərinin kibertəhlükəsizlik baxımından yüksək səviyyədə qorunmasının həyati əhəmiyyət daşıdığını vurğulayırlar.

Hazırda əsas sual budur: bu, texniki nasazlıqdır, yoxsa mümkün kiber müdaxilə?


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki