İran nefti qlobal bazarı alt-üst edəcək: Bəs Azərbaycan buna hazırdırmı?

İranla ABŞ arasında gərginliyin azalması və sanksiyaların yumşaldılması halında İran neftinin yenidən dünya bazarına qayıtmasının Azərbaycan iqtisadiyyatına mümkün təsirləri müzakirə olunur. Ekspertlər hesab edirlər ki, bu proses qlobal neft bazarında dəyişikliklərə səbəb ola və neft ixracatçısı ölkələrin gəlirlərinə təsir göstərə bilər.

Mövzu ilə bağlı Referans Media-ya açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc bildirib ki, bu proses qısa müddətdə baş verməyəcək.

“İndi açığı, bu proses o qədər də sürətlə baş verməyəcək. Çünki İranın neft bazarındakı əvvəlki mövqelərini bərpa etməsi üçün müəyyən dövr tələb olunur. Təxminən İranın müvafiq ixrac gücü 1 milyon bareldir. Bu bazara belə bir neft kütləsi daxil olarsa, təbii ki, Azərbaycan neftinin ucuzlaşmasına səbəb olacaq. Çünki təklif çox olduqda qiymətlər aşağı düşür”, – deyə o bildirib.

Ekspertin sözlərinə görə, Brent markalı neftin qiyməti təxminən 10-15 faiz ucuzlaşa bilər.

“Amma bu birdən-birə baş verməyəcək. Bunun üçün müəyyən vaxt tələb olunur və həmin vaxtdan sonra bu baş verə bilər”, – deyə V.Oruc vurğulayıb.

O qeyd edib ki, Azərbaycan iqtisadiyyatının neftdən asılılığının azaldılması və qeyri-neft sektorunun inkişafı prioritet olmalıdır.

“Mən ümumiyyətlə ölkə iqtisadiyyatının neftdən asılılığının tamamilə əleyhinəyəm və düşünürəm ki, alternativ istiqamətlər, yəni qeyri-neft sektorunun inkişafı istiqamətində daha çox düşünmək və addımlar atmaq vacibdir”, – deyə o bildirib.

V.Orucun sözlərinə görə, İranla ABŞ arasında münasibətlərin normallaşacağı əvvəlcədən gözlənilən ssenarilərdən biri idi.

“Biz bilirdik ki, İran ilə Amerika uzun müddət qarşıdurma səviyyəsində müharibə şəraitində olmayacaq. Nə vaxtsa bu problem həll olunacaq və bütün variantlarda bir müddətdən sonra İran neftinin yenidən bazara çıxarılması baş verəcək”, – deyə ekspert qeyd edib.

Onun fikrincə, Azərbaycan qeyri-neft sektorunun inkişafına, logistika və tranzit imkanlarının genişləndirilməsinə daha çox diqqət yetirməlidir.

“Turizm, logistika, tranzit ölkə olmaq imkanları, müxtəlif məhsulların istehsalı və kənd təsərrüfatının inkişafı ölkəmiz üçün olduqca vacibdir. Bu istiqamətlərə daha çox investisiya cəlb edilməli və dünya investorlarının diqqəti ölkəmizə yönəldilməlidir. Neft məsələsi bizim üçün ikinci dərəcəli məsələ olmalıdır”, – deyə V.Oruc bildirib.

Ekspert əlavə edib ki, neft gəlirlərinin azalması dövlət büdcəsinə və xarici ticarət balansına təsirsiz ötüşməyəcək.

“Əgər bu proses baş verərsə, neft qiymətlərində 10-15 faizlik ucuzlaşma Neft Fonduna daxilolmaların azalması, dövlət büdcəsi gəlirlərinin zəifləməsi və xarici ticarət balansının pisləşməsi ilə nəticələnə bilər. Lakin bu proses elə idarə olunmalıdır ki, milli valyutanın sabitliyinə təsir göstərməsin və iqtisadi aktivliyi azaltmasın”, – deyə o vurğulayıb.

V.Oruc hesab edir ki, mümkün risklər fürsətə çevrilməli və qeyri-neft sahələrinə investisiyaların artırılması təmin olunmalıdır.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki