ABŞ-da qar qasırğası təsirli oldu: təxminən 770 min nəfər işıqsız qaldı

ABŞ-ı cənginə alan qar qasırğası və kəskin soyuqlar səbəbindən 10 mindən çox aviareys ləğv edilib, təxminən 770 min nəfər isə elektriksiz qalıb. Texas, Nyu-York, Nyu-Cersi və paytaxt Vaşinqton daxil olmaqla ölkənin mərkəzi və şimal-şərqində yerləşən ştatlarda başlayan qar qasırğası və dondurucu soyuqlar gündəlik həyata mənfi təsir göstərməyə başlayıb.

Referans Media xəbər verir ki, FlightAware saytının məlumatına görə, bu gün ABŞ üzrə 10 mindən çox uçuş ləğv edilib, 8 mindən artıq reys isə təxirə salınıb.

Elektrik kəsintilərini izləyən PowerOutage onlayn platformasının məlumatına əsasən, sərt qış şəraitinin hökm sürdüyü ştatlarda, o cümlədən Tennessi ştatında təxminən 260 min, Texasda 140 min, Missisipidə isə 125 min nəfər olmaqla, ümumilikdə 770 minə yaxın insan elektriksiz qalıb.

Paytaxt Vaşinqtonda qar örtüyünün 10 santimetrə, Nyu-York və Nyu-Cersi ştatlarında isə 30 santimetrə çatacağı gözlənilir. Nyu-York şəhərinin meri Zohran Mamdani sabah şəhərdə məktəblərin bağlanacağını açıqlayıb.

Mamdani yerli mediaya verdiyi açıqlamada bildirib:“Qar yağışı şəhərimizi örtməyə başlayarkən və şərait təhlükəli hala gəldikcə, məktəb binalarının bağlanması Nyu-York sakinlərinin təhlükəsizliyini təmin etmək üçün zəruri addımdır.”

ABŞ Milli Hava Xidməti isə ölkə üzrə təxminən 190 milyon insanın təhlükəli hava şəraiti ilə üzləşdiyini açıqlayıb. Bildirilib ki, cənub ştatlarında təhlükəli buzlanma, şimal-şərqdə isə güclü qar qasırğası müşahidə olunur.

Səlahiyyətlilər qar qasırğası ölkənin böyük hissəsində sabaha qədər davam edəcəyini, daha sonra isə kəskin temperatur enişi ilə birlikdə buzlanmanın baş verəcəyini və bunun bir neçə gün ərzində “təhlükəli nəqliyyat şəraiti və infrastruktur problemləri” yaradacağını xəbərdarlıq ediblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki