ABŞ ilə İran arasında əldə olunan atəşkəsə baxmayaraq, Vaşinqtondan Tehrana yönəlik yeni sərt bəyanat səslənib. ABŞ-ın müdafiə naziri Pete Heqset İranın “yanlış seçim” edəcəyi təqdirdə ölkənin infrastrukturuna, elektrik və enerji sektoruna “bombalar yağdırılacağı” ilə hədələyib.
Referans Media xəbər verir ki, Heqset Dan Kain və Bred Kuper ilə birlikdə ABŞ və İsrailin İrana hücumları ilə bağlı birgə mətbuat konfransı keçirib.
İranın hərbi rəhbərliyinə mesaj göndərən Heqset bildirib: “Sizi izləyirik. Hərbi imkanlarımız sizinlə müqayisə edilə bilməz. Bu, bərabər mübarizə deyil.”
O, İranın hərbi potensialının ciddi şəkildə zəiflədiyini iddia edərək, Tehranın bombalanmış obyektlərdən qalan raket və qurğuları çıxarmağa çalışdığını, lakin onları yenidən istehsal etmək imkanına malik olmadığını irəli sürüb.
ABŞ-ın əvvəlkindən daha “güclü” olduğunu deyən Heqset, Vaşinqtonun kəşfiyyat sahəsinə daha çox fokuslandığını vurğulayıb.
Nazir əlavə edib: “İran yanlış seçim edərsə, infrastruktur, elektrik və enerji obyektlərinə bombalar yağacaq.”
Heqset qeyd edib ki, İranın kritik infrastrukturu, elektrik istehsal gücü və enerji sektoru hədəf alına bilər: “Bunu etmək istəməzdik, lakin prezidentimizin əmri ilə bir düyməyə basaraq hərəkətə keçməyə hazırıq. Bu gün açıqlanacaq blokada məsələnin ən yumşaq həll yoludur.”























