ABŞ-də gizli İran hesabatı sızdı – Tramp qəzəbləndi: “Bu, vətənə xəyanətdir”

Donald Tramp ABŞ mediasında yayılan gizli hesabatdan sonra sərt açıqlamalar verib.

Referans Media xəbər verir ki, "The New York Times" qəzetinin yaydığı məxfi kəşfiyyat hesabatında İranın hərbi potensialının böyük hissəsini qoruduğu iddia olunub.

Məlumata görə, İranın Hörmüz boğazı ətrafındakı raket sistemlərinin əksəriyyəti hələ də aktiv vəziyyətdədir. Hesabatda 33 raket qurğusundan 30-nun istifadəyə yararlı olduğu və raket ehtiyatlarının təxminən 70 faizinin saxlanıldığı qeyd edilib.

Sənəddə həmçinin İranın yeraltı hərbi obyektlərinin böyük hissəsinin fəaliyyətini davam etdirdiyi, bu obyektlərin təxminən 90 faizinin işlək vəziyyətdə qaldığı bildirilib.

Hesabatda ABŞ ordusunun bəzi kritik sursat ehtiyatlarında da ciddi azalma yaşandığı iddia olunub. Xüsusilə “Tomahawk”, “Patriot” və "ATACMS" raket sistemləri ilə bağlı ehtiyatların sürətlə azaldığı vurğulanıb.

Tramp isə xəbərə sosial şəbəkə hesabında sərt reaksiya verərək media qurumlarını “xəyanət”də ittiham edib:

“Yalançı media İranın bizə qarşı uğur qazandığını göstərməyə çalışır. Bu, demək olar ki, vətənə xəyanətdir”.

ABŞ prezidenti əlavə edib ki, İranın 159 gəmisinin məhv edildiyini iddia edir və mediada yayılan məlumatların Tehrana “boş ümid” verdiyini bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki