ABŞ-də rezonans doğuran dinləmə: Bill Qeyts ittihamlara cavab verdi

Bill Qeyts ABŞ Konqresinin nəzdində aparılan Ceffri Epşteyn işi ilə bağlı araşdırma çərçivəsində könüllü ifadə verib.

Referans Media xəbər verir ki, qapalı keçirilən dinləmələr zamanı Qeyts Epşteynin qanunsuz fəaliyyətlərində iştirak etmədiyini, onun adasına və ya yaşayış obyektlərinə heç vaxt getmədiyini bildirib.

“Onun adasına, rançosuna və ya Floridadakı evinə heç vaxt getməmişəm. Heç kimə zərər verməmişəm və heç kimin istismar edilməsində iştirakım olmayıb”, - deyə milyarder iş adamı vurğulayıb.

Qeyts bildirib ki, Epşteynlə ilk dəfə 2011-ci ildə tanış olub. Onun sözlərinə görə, Epşteyn qlobal səhiyyə layihələrinə maliyyə dəstəyi cəlb edə biləcəyini iddia etdiyindən müəyyən görüşlər keçirilib.

"Lakin Microsoft"un qurucusu sonradan bunun böyük səhv olduğunu etiraf edib.

“Əvvəldən onunla görüşməməli idim. Sonradan başa düşdüm ki, o, bu əlaqələrdən öz maraqları üçün istifadə etməyə çalışırdı”, - deyə Qeyts bildirib.

Bill Qeyts daha sonra Epşteynin keçmiş şəxsi həyatı ilə bağlı bəzi məlumatlardan istifadə edərək onunla yenidən əlaqə qurmağa çalışdığını iddia edib.

Milyarder iş adamının sözlərinə görə, Epşteyn müxtəlif yalan məlumatlarla yanaşı, şəxsi həyatı ilə bağlı məlumatlardan istifadə edərək təzyiq göstərməyə cəhd edib.

Qeyts ifadəsinin sonunda Epşteynnin qurbanlarına dəstəyini ifadə edib və onların ədalətə qovuşacağına ümid etdiyini bildirib.

“Ümid edirəm ki, Epşteynin cinayətlərindən zərər çəkən insanlar haqq etdikləri ədaləti əldə edəcəklər”, - deyə o qeyd edib.

Ceffri Epşteyn azyaşlı qızların cinsi istismarı ilə bağlı ittihamlarla ABŞ-də uzun müddət istintaq altında olub. O, 2019-cu ildə həbsdə olarkən ölü tapılıb. Rəsmi məlumatda ölüm səbəbinin intihar olduğu bildirilsə də, hadisə ətrafında müzakirələr illərdir davam edir.

ABŞ-də açıqlanan məhkəmə sənədlərində və istintaq materiallarında Bill Gatesin adı da hallansa da, o, dəfələrlə hər hansı qanunsuz fəaliyyətdə iştirak etmədiyini və Ceffri Epşteynin cinayət xarakterli əməllərindən xəbərsiz olduğunu bəyan edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki