ABŞ ilə İran arasında gərginlik artaraq genişmiqyaslı müharibə riskini yüksəldib. Tramp administrasiyasına yaxın mənbələr bildirir ki, diplomatiya nəticə verməzsə, yaxın həftələrdə hərbi əməliyyat başlaya bilər. Cenevrədə keçirilən dolayı nüvə danışıqlarından sonra Trampın irəliləyişin olmamasına görə narazı qaldığı və hərbi müdaxilə ehtimalının yüksək olduğu deyilir.
Referans Media xarici mediaya istinadən xəbər verir ki, ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əhəmiyyətli dərəcədə artırıb. Bölgəyə iki təyyarədaşıyan gəmi, onlarla döyüş gəmisi və yüzlərlə döyüş təyyarəsi cəlb olunub.
Mənbələrin məlumatına görə, mümkün hərbi əməliyyat ABŞ və İsrail tərəfindən birgə həyata keçirilə və uzun müddət davam edə bilər.
Vitse-prezident C.D. Vens problemin ya diplomatiya, ya da başqa yolla həll ediləcəyini vurğulayıb. İranın ali lideri Ayətullah Əli Xamenei isə ABŞ-ın təhdidlərinə sərt reaksiya verərək cavab veriləcəyini bəyan edib. Vaşinqton Tehrana iki həftə vaxt verib; razılaşma əldə olunmasa, hərbi variant gündəmə gələ bilər.
Lamiyə Taciyeva.
