Bazar günü ABŞ hərbçiləri tərəfindən ələ keçirilən İranın “TOUSKA” (“Tuska”) konteyner gəmisi, ehtimal ki, Vaşinqtonun ikili təyinatlı və hərbi məqsədlər üçün yararlı hesab etdiyi yüklər daşıyıb.
Referans Media xəbər verir ki, bu barədə “Reuters” agentliyi dəniz təhlükəsizliyi sahəsindəki mənbələrinə istinadən məlumat yayıb.
Adının açıqlanmasını istəməyən mənbələr bildiriblər ki, ilkin qiymətləndirmələr gəminin Asiyadan həyata keçirdiyi səfərdən sonra göyərtəsində ikili təyinatlı yüklərin olduğunu göstərir.
Kiçikölçülü konteyner gəmisi ABŞ sanksiyaları altında olan İranın “Islamic Republic of Iran Shipping Lines” (IRISL) gəmiçilik şirkətinə məxsusdur. “Marine Traffic” gəmilərin izlənməsi sisteminin məlumatlarına görə, gəmi Oman körfəzindəki Çabahar limanı yaxınlığında ələ keçirilib və sonuncu dəfə koordinatlarını Bakı vaxtı ilə saat 09:08-də ötürüb.
ABŞ Mərkəzi Komandanlığı bəyan edib ki, gəmi heyəti 6 saat ərzində edilən təkrar xəbərdarlıqlara məhəl qoymayıb və gəmi ABŞ-ın tətbiq etdiyi blokadanı pozub.
Eyni zamanda, İranın xam neft daşıyan tankerinin blokada xəttini keçərək geri qayıdarkən Xarq adasına yaxınlaşdığı barədə məlumatlar yayılıb.
“TankerTrackers”in məlumatına görə, həmin nəhəng tanker martın sonunda İranı tərk edib, İndoneziyanın Riaü arxipelaqı yaxınlığında iki milyon barel nefti başqa bir tankerə boşaldıb və geriyə, İrana doğru istiqamət alıb. “O, sabah Xark adasına çatacaq”, – deyə nəşr bildirib./Musavat.com
























