ABŞ-ın Kubanın keçmiş dövlət başçısı Raul Kastroya qarşı ittiham aktı hazırladığı iddia edilib. Məlumata görə, Vaşinqton onu 1996-cı ildə baş vermiş təyyarə insidenti ilə bağlı mühakimə etmək niyyətindədir.
CBS News-un ABŞ rəsmilərinə istinadən yaydığı xəbərdə bildirilir ki, məsələ Floridada fəaliyyət göstərən “Brothers to the Rescue” təşkilatına məxsus təyyarələrin vurulması hadisəsi ilə əlaqədardır. İddialara əsasən, Raul Kastro barəsində hazırlanan ittiham aktı böyük jüriyə təqdim olunmalıdır.
Qeyd edək ki, Raul Kastro 2008-ci ildə qardaşı Fidel Kastronun vəzifədən ayrılmasından sonra Kuba rəhbərliyinə gəlmiş, 2018-ci ildə postunu Migel Dias-Kanelə təhvil vermişdi.
Məlumata görə, ABŞ son dövrlər Kubaya qarşı təzyiqləri artırıb. Donald Tramp administrasiyası Kubaya neft satan ölkələrə qarşı da yeni gömrük rüsumları tətbiq edib.
