image-hurmuzde-el-konulan-gemiden-cikanlar-trumpi-19771867_2759_ampbackend

ABŞ İran gəmisini saxladı – Tramp Çini ittiham etdi

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında saxlanılan İran bayraqlı gəmi ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Referans Media xəbər verir ki, “CNBC” kanalında yayımlanan “Squawk Box” proqramına telefonla qoşulan Tramp ABŞ qüvvələrinin Hörmüz boğazında ələ keçirdiyi “Touska” adlı gəminin Çin tərəfindən İrana göndərilən “hədiyyə” olduğunu iddia edib.

Onun sözlərinə görə, gəmidə ABŞ-ı narahat edən müəyyən elementlər aşkarlanıb. Tramp bildirib ki, bu vəziyyət onu təəccübləndirib: “Bir qədər təəccübləndim. Çünki düşünürdüm ki, Çin lideri ilə bu məsələdə müəyyən razılaşmamız var.”

ABŞ prezidenti bununla Çin rəhbərliyinə eyham vuraraq Si Cinpin ilə bu məsələdə anlaşma olduğunu düşündüyünü qeyd edib.

Tramp çıxışı zamanı NATO ölkələrinin İranla gərginlik fonunda ABŞ-a lazımi dəstək vermədiyini də bildirib. Onun sözlərinə görə, ABŞ-a bu prosesdə ən böyük dəstəyi Yaxın Şərqdəki tərəfdaş ölkələr göstərir. Prezident xüsusilə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətərin ABŞ-la daha fəal əməkdaşlıq etdiyini vurğulayıb.

Tramp NATO ilə bağlı tənqidi fikirlərini daha da sərtləşdirərək bildirib: “Bizə kömək etməyən NATO oldu. Onsuz da onlara ehtiyacımız yox idi. Əslində onların bizə ehtiyacı var. NATO kağızdan pələngdir.”

ABŞ prezidenti əlavə edib ki, lazım gələrsə, Birləşmiş Ərəb Əmirlikləri ilə maliyyə əməkdaşlığı çərçivəsində mübadilə sazişi də imzalana bilər və Vaşinqton müttəfiqlərinin yanında olmağa hazırdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki