image-abs-kesviyyatibackend

ABŞ kəşfiyyatı İran əhalisinə müraciət etdi

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) İranda potensial məlumat verən şəxslərə müraciət edib. Agentlik fars dilində yaydığı mesajda ABŞ kəşfiyyatı ilə təhlükəsiz əlaqə yaratma yollarını izah edib.

 

Bu addım ABŞ Prezidenti Donald Trampın mümkün hərbi zərbələri nəzərdən keçirdiyi gərgin dövrə təsadüf edir.

 

Referans Media  “AP News”a istinadən xəbər verir ki, paylaşım “X”, “Instagram” və “YouTube” platformalarında yayımlanıb. Bu, CIA-nın son aylarda fars, rus, koreya və mandarin dillərində apardığı informasiya toplama kampaniyasının növbəti mərhələsi sayılır. Lakin yeni mesaj ABŞ-İran münasibətlərinin kəskinləşdiyi və ölkə daxilində etirazların artdığı bir vaxta düşməsi ilə diqqət çəkib.

 

Agentlik mesajda belə bildirib:

 

“Salam. CIA sizi eşidir və kömək etmək istəyir. Bizimlə təhlükəsiz virtual əlaqə qurmaq üçün bəzi tövsiyələr bunlardır”. Təlimatlarda internet məhdudiyyətlərini aşmaq üçün VPN istifadə etmək, izlənməsi çətin olan birdəfəlik cihazdan yararlanmaq, şəxsi brauzer seçmək və internet tarixçəsini silmək tövsiyə olunub. Həmçinin agentliklə rəsmi sayt və anonimlik alətləri ilə daxil olunan “darknet” vasitəsilə əlaqə qurma yolları göstərilib.

 

CIA rəhbəri Con Ratkliff daha əvvəl oxşar kampaniyaların nəticə verdiyini bildirib və bu paylaşımların xarici ölkələrdə maraq doğurduğunu qeyd edib.

 

Qeyd edək ki, ABŞ son onilliklərin ən böyük hərbi qüvvəsini Yaxın Şərqə yerləşdirib. Donald Tramp yanvarda İranda etirazların sərt yatırılmasına cavab olaraq hərbi addım ehtimalını gündəmə gətirib, daha sonra isə Tehranın nüvə proqramı ilə bağlı razılaşma əldə etməyə çağırıb. Bu həftə nüvə danışıqlarının növbəti raundunun keçirilməsi planlaşdırılıb. İranın BMT-dəki nümayəndəliyi məsələ ilə bağlı sorğunu hələlik cavablandırmayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki