Qlobal enerji bazarlarında gərginlik kəskinləşir. ABŞ-ın İrana qarşı dəniz ablukasını uzada biləcəyi ilə bağlı xəbərlər neft qiymətlərini sürətlə yüksəldib.
Referans Media xəbər verir ki, Brent nefti 111 dolları aşaraq ardıcıl 8-ci gün artım göstərib. WTI markalı neft də paralel şəkildə bahalaşıb. Analitiklər bu artımın əsas səbəbi kimi geosiyasi risklərin artmasını göstərir.
Hörmüz boğazı ətrafında vəziyyət daha da gərginləşib. Dünyada neft ticarətinin təxminən 20%-nin keçdiyi bu kritik marşrutda gündəlik tanker sayı 130-dan 30-a düşüb, təhlükəsizlik riskləri kəskin artıb, bəzi tanker daşımaları dayandırılıb.
Ekspertlər xəbərdarlıq edir ki, blokadanın uzadılması qlobal neft təklifini daha da azalda bilər, qiymətlər 110 dolların üzərində sabitləşə bilər, yeni enerji böhranı riski artır. Bu proses artıq istehlakçılara da təsir edir. Xüsusilə ABŞ-da yanacaq qiymətləri yüksəlişdədir. Hazırda investorlar ABŞ–İran münasibətlərini, diplomatik danışıqları və hərbi riskləri yaxından izləyir. Qısa müddətdə razılaşma əldə olunmasa, bazarlarda daha sərt dalğalanmalar gözlənilir.
