“USS Abraham Lincoln” yenidən bölgədə – Vaşinqton regionda nəyi hədəfləyir?

ABŞ-a məxsus “USS Abraham Lincoln” aviadaşıyıcısının regionda xidmətini davam etdirməsi ilk hal deyil. Bu aviadaşıyıcının yenidən bölgəyə göndərilməsi Vaşinqtonun Yaxın Şərqdə formalaşdırdığı yeni siyasi və təhlükəsizlik kursunun tərkib hissəsi kimi qiymətləndirilir.

Siyasi şərhçi Sədrəddin Soltan Referans Media-ya açıqlamasında bildirib ki, bu addım bir neçə paralel prosesi hədəfləyir:“ABŞ-ın regiondakı hərbi mövcudluğunun gücləndirilməsi Qəzza sektorunda sülh mexanizmlərinin, o cümlədən sülh şurasının fəaliyyətə başlaması, Qəzzada yeni hökumətin formalaşdırılması, İsrailin Yaxın Şərq ölkələri ilə münasibətlərinin tənzimlənməsi, eləcə də Hindistan–Pakistan münasibətlərində balansın qorunması kimi proseslərlə bağlıdır”.

Onun sözlərinə görə, bu hərbi fəallıq Livanda “Hizbullah”ın zəiflədilməsi və tərksilah edilməsi istiqamətində İsrailin həyata keçirdiyi əməliyyatlara, Suriyada İŞİD-lə bağlı proseslərə və ümumilikdə regionda təhlükəsizlik arxitekturasının yenidən qurulmasına hesablanıb.

Ekspert qeyd edib ki, aviadaşıyıcının bölgədə yerləşdirilməsi eyni zamanda Tehran hakimiyyətinə qarşı çəkindirici mesaj xarakteri daşıyır:“ABŞ İranın Yəməndə husilər, İraqda İran yönümlü silahlı qruplar, Livanda ‘Hizbullah’ və digər sabitliyi pozan qüvvələr üzərindən regiondakı maraqlarını təhdid etdiyini hesab edir. Bu qüvvələrin aktivliyinin qarşısını almaq üçün belə addımlar atılır”.

Sədrəddin Soltanın fikrincə, böyük dövlətlərin bu tip hərbi-siyasi addımları adətən bir-biri ilə razılaşdırılır. Çin və Rusiya ABŞ-ın bu addımından narahat olsalar da, bunun onların birbaşa təhlükəsizliyinə təhdid yaratmadığı üçün ciddi qarşıdurma formalaşmır.

Ekspert vurğulayıb ki, bu prosesdən ən çox narahat olan tərəf İran hakimiyyətidir:“ABŞ-ın Yaxın Şərqdə hərbi gücünü artırması Tehran üçün risklərin artması deməkdir və bu, İranın maraqları baxımından arzuolunan sayılmır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki