ABŞ–İran qarşıdurması böyüyür: Küveytdə fövqəladə vəziyyət elan edildi

ABŞ və İran arasında artan gərginlik Körfəz regionunda yeni təhlükəsizlik böhranı yaradıb. İranın ABŞ hədəflərinə qarşı həyata keçirdiyini bildirdiyi cavab zərbələrindən sonra Küveyt Beynəlxalq Hava Limanında fövqəladə vəziyyət rejimi tətbiq olunub.

Referans Media xəbər verir ki, hava limanının Terminal 1 hissəsi raket və pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Hadisə nəticəsində bəzi obyektlərə ciddi ziyan dəyib, ölən və yaralananların olduğu bildirilib. Təhlükəsizlik səbəbindən hava limanında bütün uçuşlar müvəqqəti dayandırılıb və bir sıra reyslər yaxınlıqdakı hava limanlarına yönləndirilib.

Küveyt Mülki Aviasiya Baş İdarəsinin rəsmiləri hava limanında vəziyyətin nəzarət altına alınması üçün təxirəsalınmaz tədbirlərin görüldüyünü açıqlayıblar. Hazırda texniki qruplar zərərin miqyasını müəyyənləşdirmək və obyektin yenidən fəaliyyətə başlaması üçün qiymətləndirmə aparırlar.

İran tərəfi ABŞ-ın Keşm adasına endirdiyi zərbələrə cavab olaraq Küveyt və Bəhreyndəki Amerika hərbi obyektlərini hədəfə aldığını bəyan edib. ABŞ Mərkəzi Komandanlığı isə raket və pilotsuz aparatların böyük hissəsinin hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini açıqlayıb.

Regionda gərginliyin daha da artacağı ehtimalı beynəlxalq ictimaiyyəti narahat edir. Hadisələr fonunda Körfəz ölkələrində təhlükəsizlik tədbirləri gücləndirilib, rəsmi qurumlar isə əhalini yalnız təsdiqlənmiş məlumatlara etibar etməyə çağırır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki