image-social-media-tips-blog-header-no-logobackend

Ailələri narahat edən problem: Uşaqlar üçün sosial şəbəkələr bağlanır?

Rəqəmsal platformaların sürətlə yayılması ilə sosial media artıq uşaqların da gündəlik həyatının bir hissəsinə çevrilib. Lakin azyaşlıların bu platformalara erkən və nəzarətsiz çıxışı cəmiyyətdə ciddi müzakirələrə səbəb olur. Bir çox ölkədə, o cümlədən qonşu Türkiyədə uşaqların sosial mediaya girişinin məhdudlaşdırılması ilə bağlı təşəbbüslərin gündəmə gəldiyi bir vaxtda, məsələ yenidən diqqət mərkəzinə düşüb.

Referans Media-ya açıqlama verən politoloq Aydın Quliyev bildirib ki, kiçik yaşlı uşaqların və yeniyetmələrin sosial şəbəkələrə girişinin məhdudlaşdırılması sırf Türkiyə modeli deyil, dünya ölkələri artıq uzun müddətdir bu barədə düşünür və mərhələli şəkildə bu layihələrin icrasına başlayırlar. Onun sözlərinə görə, cəmiyyətin milli-mənəvi dəyərlərini və böyüməkdə olan nəslin saflığını qorumağın üsullarından biri də bu istiqamətdə atılan addımlardır.

Politoloq qeyd edib ki, hər hansı bir ölkənin təcrübəsini olduğu kimi götürüb tətbiq etmək düzgün yanaşma deyil. “Mövcud problemlər qlobal miqyasda yayılsa da, hər bir ölkədə həmin problemlərin özünəməxsus təzahür xüsusiyyətləri var. Buna görə də təhlükəli tendensiyalarla mübarizədə hər bir dövlət öz yerli şəraitinə, tarixinə və milli xüsusiyyətlərinə uyğun model müəyyən etməlidir”, – deyə o vurğulayıb.

Aydın Quliyev hesab edir ki, sosial şəbəkələrə müəyyən yaş qrupundan olan uşaqların sərbəst müdaxiləsinin məhdudlaşdırılmasına ciddi ehtiyac var və bunun həyata keçirilməsi məqbuldur. Onun fikrincə, xalqın milli-mənəvi dəyərlərini, adət-ənənələrini və etik davranış üslubunu qorumağın yollarından biri də dağıdıcı yeniliklərdən müdafiə olunmaqdır.

Politoloq bildirib ki, yeniyetmələrin və uşaqların bu kimi təhlükələrə meyilliliyi məsələnin həllini daha da çətinləşdirir. Bu səbəbdən Azərbaycanda sosial şəbəkələrə kiçik yaşlı uşaqların əlçatanlığının ölkə reallıqlarına uyğun formada məhdudlaşdırılması vacibdir.

Onun sözlərinə görə, hansısa ölkənin modelini olduğu kimi tətbiq etmək əvəzinə, sosial şəbəkələrə uşaqların girişinin məhdudlaşdırılması ilə bağlı məhz Azərbaycan modelinin hazırlanmasına ehtiyac var. Aydın Quliyev hesab edir ki, belə bir təşəbbüsə cəmiyyət və ailələr dəstək verəcək. Çünki uşaqların və yeniyetmələrin sosial şəbəkələrdə qarşılaşdıqları ziyanlı və dağıdıcı məzmun bütün cəmiyyəti və ailələri narahat edir. Politoloq vurğulayıb ki, dövlətin bu istiqamətdə atacağı addımlar geniş ictimai dəstək qazana bilər.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki