backend

Amerikanın bacarmadığını Türkiyə edəcək – Hakan Fidan açıqladı

Rusiya-Ukrayna müharibəsi uzandıqca, qardaş Türkiyənin XXI əsrin ən böyük savaşını bitirmək rolu durmadan artır. Artıq dünya Amerika və digər ölkələrdən daha çox Ankaranın vasitəçiliyinə inanır. Savaş tərəfləri də Türkiyəni daha çox qəbul edirlər, nəinki digər dövlətləri…

Əslində Türkiyənin xarici işlər naziri Hakan Fidanın da son açıqlamaları çox ümidvericidir. O, dolayısı ilə ölkəsinin bu məsələdəki rolunu qabardaraq, bildirib ki, Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı tezliklə razılığa gəlmə ehtimalları çox yüksəkdir. “TRT World” televiziya kanalına verdiyi müsahibədə hətta XİN rəhbəri əminliklə qeyd edib ki:

“Hazırda razılaşma imzalamağa çox yaxınıq. Deyə biləcəyim tək şey budur”.

Nazir əlavə edib ki, Ankara bu məsələ ilə bağlı Moskva və Kiyevin nümayəndələri, eləcə də ABŞ və Avropa ölkələrinin rəsmiləri ilə əlaqə saxlayır.

Türkiyə xarici işlər naziri qeyd edib ki, bütün tərəflərin tələblərini birləşdirmək, formatı müəyyən etmək və nizamlama planı hazırlamaq çox çətin bir işdir.

Fidan həmçinin vurğulayıb ki, Türkiyə Ukraynada “istənilən atəşkəsi, istənilən sülhü alqışlamağa” hazırdır.

Amerikanın bacar bilmədiyini Türkiyə həyata keçirəcəkmi?

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə Musavat.com-a bildirib ki, əslində bu gözləniləndir:

“Hakan Fidan TRT World-ə müsahibəsində Türkiyənin həm Rusiya, həm Ukrayna ilə yaxın münasibətlərinin olduğunu və zamanında qlobal qida təhlükəsizliyinin təmin olunmasında həyati önəm daşıyan “taxıl sazişinin” əldə olunmasında ölkəsinin böyük rol oynadığını vurğulayıb. Lakin onun sözlərindən həm də hazırkı danışıqlarda Türkiyənin ön planda olmadığı anlaşılır. Fidan, “Biz, Rusiya-Ukrayna arasında sazişin imzalanmasına çox yaxınıq” deyərək ümumilikdə dünyanın müvafiq sülhə yaxınlaşdığına diqqət çəkməklə yanaşı, danışıqların hazırda əsas olaraq ABŞ liderliyində, o cümlədən Avropa platformalarında aparıldığını vurğulayıb. Belə ki, Rusiya-Ukrayna müharibəsi sadəcə iki ölkə arasında qalmayıb, o cümlədən region ölkələrinə, dünyanın ümumi iqtisadi və hərbi təhlükəsizlik arxitekturasına təsir edir, həmçinin Qara dənizdə ciddi təhlükəsizlik dilemması yaradır. Ən son hər iki tərəfdən dəyən zərbələrlə Türkiyə gəmilərinin zərər görməsi, sulara atılan minaların Bosforda qlobal dəniz nəqliyyatına təhdid yaratması, yaxud Avropa ölkələri ərazisində Rusiya və ya Ukrayna dronlarının peyda olması, enerji daşıyıcı kəmərlərin, dəmir yollarının vurulmasına qarşı cavab tədbirləri avtomatik olaraq müharibənin sıçramasına, qlobal müstəviyə keçid etməsinə yol aça bilər və bu, olduqca təhlükəli ssenari olub, həssas bir məqamdır. Fidan Türkiyənin tərəfləri “məhdud atəşkəsə” çağırdıqlarını, lakin gedən yekun danışıqlar fonunda bu təklifin arxa planda qaldığını bildirib. “Məhdud atəşkəs” o deməkdir ki, tərəflər qlobal enerji, infrastruktur, xüsusilə dəniz nəqliyyat-logistika təhlükəsizliyinə təminat versinlər, müvafiq obyektləri, o cümlədən üçüncü ölkələrə aid obyektlərə zərbə vurmasınlar. Lakin müharibənin son mərhələsində bunun mümkün olmadığı aydındır. Odur ki, Hakan Fidan Türkiyənin Rusiya-Ukrayna müharibəsini birdəfəlik sonlandıracaq atəşkəsə hər şəkildə dəstək olmağa hazır olduqlarını bəyan edib. Daha öncə Türkiyə Prezidenti cənab Ərdoğan da Putinlə görüşündən sonra müvafiq bəyanla çıxış etmişdi”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki