Xəbər verdiyimiz kimi, Parisdə 30-dan artıq dövlətin təmsil olunduğu “İstəklilər koalisiyası”nın toplantısı baş tutub. Tədbirdə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Kosta, eləcə də Finlandiya prezidenti və Böyük Britaniya, Belçika, Danimarka, Niderland və Polşanın baş nazirləri Fransa paytaxtına səfər ediblər. Koalisiyaya daxil olan digər ölkələrin nümayəndələri iclasa onlayn formatda qatılıblar. Görüşdə Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff da birbaşa iştirak ediblər.
“İstəklilər koalisiyası”nın Paris sammitinin nəticələrinin dəyərləndirilməsi ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Tural İrfanın sözlərinə görə, sammitin tam nəticələri barədə qəti mövqe sərgiləmək hələ tez olardı:
“Lakin proseslərin davamı olaraq sammit barədə danışmaq olar. Belə ki, bəyannamə layihəsində ABŞ-nin müəyyən öhdəlikləri əks olunub. Rusiya tərəfindən mümkün hücum baş verərsə, ABŞ koalisiyanın Avropa qüvvələrinə dəstək göstərə bilər. Həmçinin sənəddə qeyd olunur ki, Ukraynada atəşkəs rejimi qüvvəyə mindikdən sonra təhlükəsizlik zəmanətləri sisteminin işə salınması nəzərdə tutulur.
Bu sistem beş əsas komponenti əhatə edir:
1.ABŞ-nin rəhbərliyi ilə atəşkəsin monitorinqi və verifikasiyasında iştirak.
2.Ukrayna ordusuna dəstək.
3.Ukrayna üçün çoxtərəfli beynəlxalq qüvvələrin yaradılması.
4.Mümkün gələcək hücum halında öhdəliklər.
5.Ukrayna ilə müdafiə əməkdaşlığının dərinləşdirilməsi”.
T.İrfan əlavə edib ki, layihəyə əsasən, atəşkəsin monitorinqi Qərb tərəfdaşları və “İstəklilər koalisiyası” ölkələrinin iştirakı ilə həyata keçiriləcək:
“Eyni zamanda mümkün pozuntulara cavab tədbirlərinin müəyyənləşdirilməsi üçün xüsusi komissiyanın yaradılması planlaşdırılır. Hər halda bu sammitin keçirilməsi və qəbul edilən müddəalar Rusiyanın Ukraynaya təcavüzünə qarşı dayanıqlı mövqeyin nəticəsidir. Bu, artıq rəsmi sənəddir. Görünür ki, Avropa Rusiya ilə ABŞ kimi siyasi alver etmək niyyətində deyil və ortaya qəti sənəd qoyur. Hesab edirəm ki, bu sənəd Avropa İttifaqı ölkələrinin Rusiyaya qarşı əməli şəkildə təziqlərinin artırılmasına da bir cığır açacaq. Həmçinin ABŞ-nin də müəyyən mənada Avropa İttifaqı ilə razılaşa biləcəyi məqamları üzə çıxaracaq və Rusiya təhlükəsi qarşısında ortaq mövqeyə gəlinəcək”.























