Avstraliyanın cənub-şərqində yerləşən Viktoriya ştatında həddindən artıq isti hava dalğası və güclü küləklərin təsiri ilə yayılan meşə yanğınları səbəbindən minlərlə sakinə evlərini tərk etmək barədə göstəriş verilib.
Referans media xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, bu səhər etibarilə Viktoriya ərazisində 30-a yaxın aktiv meşə yanğını davam edir. Güclü küləklər və 40 dərəcəni keçən temperaturun yaratdığı “fəlakət səviyyəli” şərait yanğınların nəzarətdən çıxmasına və sürətlə yayılmasına səbəb olur.
Viktoriya Polisi Longwood bölgəsində 2 böyük və 1 uşağın itkin düşdüyünü açıqlayıb. Bildirilir ki, təxliyə üçün həmin şəxslərə əvvəlcədən sığınacaq tapmaları tövsiyə edilib. Daha sonra onların yaşadığı evin tamamilə yandığı müəyyən edilib və şəxslərdən hələ də xəbər yoxdur.
Viktoriya ştatının Baş naziri Jacinta Allan bildirib ki, bu gün bölgə üçün son illərin ən təhlükəli yanğın günlərindən biri ola bilər. O, təxliyə zonasına daxil olan bütün sakinləri dərhal əraziləri tərk etməyə çağırıb:“Ştatın hər yerində yanğınlar var və vəziyyət son dərəcə təhlükəlidir. Daha açıq danışa bilmərəm. Əgər sizə getməyiniz tövsiyə olunan bir ərazidəsinizsə, dərhal oranı tər k edin.”
Yanğınsöndürmə xidməti isə xəbərdarlıq edib ki, bu gün Viktoriya ştatının şimalında hava temperaturu 46 dərəcəyədək yüksələ bilər, günün ikinci yarısında isə mərkəzi bölgələrdə ‘quru şimşək’ ehtimalı var ki, bu da yeni yanğın ocaqlarının yaranmasına səbəb ola bilər.
