Azərbaycanda mobil internet tariflərinin yenidən artması ictimai müzakirələrə səbəb olub. Mütəxəssislər bu bahalaşmanın arxasında həm texnoloji, həm də bazar amillərinin dayandığını bildirirlər.
Mövzu ilə bağlı Referans Media-ya açıqlama verən İT mütəxəssisi Kamran Əsədullayev qeyd edib ki, mobil internet ucuz xidmət deyil və qiymət artımının əsas səbəblərindən biri infrastruktur və investisiya xərcləridir.
Onun sözlərinə görə, 4G və 5G şəbəkələrinin genişləndirilməsi, baza stansiyalarının artırılması və fiber backbone şəbəkələrinin qurulması böyük kapital tələb edir:
“Azərbaycanda son illərdə internet sürətinin, o cümlədən mobil sürətlərin artması məhz bu investisiyaların nəticəsidir. Operatorlar isə bu xərcləri tariflərə yansıdır.”
Ekspert əlavə edib ki, mobil internetə tələbin kəskin artması da qiymətlərə təsir edən əsas amillərdəndir:
“Onlayn iş, təhsil, streaming və oyunların yayılması nəticəsində data istifadəsi sürətlə artıb. Bu isə şəbəkəyə əlavə yük yaradır. Daha çox istifadə isə daha çox investisiya və nəticədə daha yüksək xərclər deməkdir.”
Kamran Əsədullayev bildirib ki, telekommunikasiya sahəsində bəzi tariflər və qaydalar dövlət tərəfindən tənzimlənir:
“Bəzi xidmət tarifləri rəsmi qərarlarla müəyyən olunur. Bu da bazarın tam sərbəst olmadığını göstərir.”
Onun fikrincə, operatorlar bəzən qiymətləri birbaşa artırmasalar da, dolayı yollarla istifadəçi xərclərini yüksəldirlər:
“Paketlərin məzmunu dəyişdirilir, istifadə şərtləri sərtləşdirilir. Məsələn, əvvəllər balans daha uzun müddət aktiv qalırdı, sonradan bu müddət azaldıldı ki, bu da istifadəçi üçün faktiki xərclərin artmasına səbəb olur.”
Ekspert bazarda rəqabət məsələsinə də toxunub. O bildirib ki, Azərbaycanda mobil rabitə bazarında formal olaraq üç əsas operator – Azercell, Bakcell və Nar fəaliyyət göstərir:
“Formal rəqabət olsa da, praktikada oliqopol bazar mövcuddur. Az sayda böyük operator oxşar qiymət siyasəti tətbiq edir və kəskin qiymət rəqabətinə getmir. Daha çox paralel qiymət strategiyası müşahidə olunur.”
Onun sözlərinə görə, alternativlərin zəif olması da qiymətlərin aşağı düşməsinə mane olur:
“Virtual mobil operatorlar (MVNO) demək olar ki, yoxdur, eSIM bazarı isə hələ geniş yayılmayıb. Bu da istifadəçinin seçim imkanlarını məhdudlaşdırır.”
Kamran Əsədullayev hesab edir ki, mobil internetin daha əlçatan olması üçün bir sıra addımlar atılmalıdır. Bunlara yeni operatorların bazara daxil olması, MVNO-ların təşviqi, tariflərin şəffaflığının artırılması və aşağı gəlirli istifadəçilər üçün sosial internet paketlərinin tətbiqi daxildir.
Eyni zamanda, o vurğulayıb ki, operatorlar arasında infrastrukturun paylaşılması xərclərin azalmasına və nəticədə qiymətlərin aşağı düşməsinə səbəb ola bilər.
Ekspertin fikrincə, istifadəçi davranışı da bu prosesdə mühüm rol oynayır:
“Sosial mediada kampaniyalar və ictimai reaksiya bəzi hallarda operatorların qərarlarına real təsir göstərə bilir.”
Sonda o qeyd edib ki, mövcud bahalaşmanın əsas səbəbləri artan texnoloji xərclər, məhdud rəqabət və tənzimləmə mühiti ilə bağlıdır. Onun sözlərinə görə, bazarda real rəqabət güclənərsə və alternativlər artarsa, qiymətlər sabitləşə və ya aşağı düşə bilər, əks halda isə bahalaşma mərhələli şəkildə davam edəcək.























