COVID-19 və qrip infeksiyaları hamilə qadınlar üçün daha ciddi fəsadlara səbəb ola bilər. Mütəxəssislər bu infeksiyalardan qorunmaq üçün peyvəndlərin əhəmiyyətini vurğulayırlar. Bununla yanaşı, cəmiyyətdə vaksinasiya ilə bağlı yayılan yanlış məlumatlar insanların peyvəndlərə münasibətinə təsir göstərir.
Referans Media-ya açıqlamasında professor Adil Qeybulla bildirib ki, vaksinasiya əleyhinə təbliğat infeksiyalarla mübarizədə ən çətin məsələlərdən biridir. Onun sözlərinə görə, bu cür təbliğat COVID-19 pandemiyası dövründə də öz təsirini göstərib.
Professor qeyd edib ki, COVID-19 peyvəndləri ilə bağlı cəmiyyətdə müxtəlif şayiələr və yanlış məlumatlar yayılır, bəzi insanlar isə bu məlumatlara inanaraq peyvənd olunmaqdan çəkinirlər.
“Vaksinasiya olmasaydı, bu gün pandemiya davam edirdi. İnfeksiya zəncirinin qırılmasında vaksinasiyanın ciddi rolu oldu. Xəstəliklə mübarizə vaxtında koordinasiya olunmadığına görə COVID-19 bu gün də davam etməkdədir. Hələ bundan sonra nə olacağını bilmirik”, – deyə Adil Qeybulla bildirib.
Onun sözlərinə görə, dünya vaksinasiya tarixində müəyyən problemlər yaşanan hallar da olub. Professor nümunə olaraq, denge qızdırması və donuz qripinin ABŞ-da yayıldığı dövrdə aparılan vaksinasiya prosesində meydana çıxan problemləri göstərib. Bildirib ki, həmin hallarda vaksinasiya dayandırılıb.
Adil Qeybulla vurğulayıb ki, vaksinasiya nəzarət altında həyata keçirilən prosesdir. Onun sözlərinə görə, peyvəndin məqsədi orqanizmdə aktiv immunitetin formalaşmasını təmin etməkdir.
Professor hesab edir ki, infeksiyanın özünə yoluxmaq bir çox hallarda peyvənd olunmaqdan daha təhlükəlidir. O, insanları vaksinasiya əleyhinə yönləndirməyin düzgün olmadığını bildirib və peyvəndlərin ağır xəstəlikləri olan insanların həyatının xilas edilməsində də mühüm rol oynadığını qeyd edib.
Hamilə qadınların vaksinasiyasına toxunan professor bildirib ki, bu qrup üçün də infeksiyalardan qorunmaq məsələsi xüsusi əhəmiyyət daşıyır.
“Bəs hamilə qadın xəstəliyə yoluxsa yaxşıdır, yoxsa vaksinasiya olunaraq qorunsa?” – deyə Adil Qeybulla sual edib.
Gülnaz Abdullazadə
