Fransada Birinci Dünya müharibəsi zamanı şiddətli bombardmanlar nəticəsində tamamilə dağılan Fleury-devant-Douaumont kəndinə giriş uzun illərdir qadağandır. Torpağın partlamamış hərbi sursatlarla çirklənməsi və kimyəvi maddələrin yaratdığı təhlükələr səbəbindən ərazidə yaşayışın bərpasına icazə verilmir.
Referans Media xəbər verir k, Fransa hakimiyyəti Verdun döyüşləri zamanı yerlə-yeksan edilən kəndi müharibənin ağır nəticələrini əks etdirən tarixi məkan kimi qoruyur. Ərazidə hazırda heç kim yaşamır və mülki şəxslərin ora daxil olması təhlükəsizlik səbəbindən məhdudlaşdırılıb.
Birinci Dünya müharibəsinin ən qanlı toqquşmalarından biri olan Verdun döyüşü zamanı Fleury-devant-Douaumont güclü artilleriya atəşinə məruz qalıb. Uzunmüddətli bombardmanlar nəticəsində yaşayış evləri və digər tikililər tamamilə dağılıb, ərazi isə partlamamış mərmilər və müharibənin digər qalıqları ilə dolub.
Döyüşlər başa çatdıqdan sonra aparılan araşdırmalar torpağın bəzi hissələrində təhlükəli maddələrin və partlamamış sursatların qaldığını üzə çıxarıb. Bu vəziyyət insanların təhlükəsiz yaşaması üçün ciddi risk yaratdığından kəndin yenidən qurulmasına icazə verilməyib.
Fleury-devant-Douaumont Fransada müharibə nəticəsində məhv olmuş və bərpa edilməmiş kəndlərdən biri kimi tanınır. Belə yaşayış məntəqələri ölkənin müharibə tarixinin simvolu hesab olunur.
Maraqlı məqamlardan biri odur ki, kənddə heç kim yaşamadığı halda onun inzibati statusu qorunur. Mənbədə qeyd olunur ki, ərazinin hüquqi mövcudluğunu davam etdirmək üçün buraya bələdiyyə başçısı təyin edilir.
Bu gün də təhlükəli ərazi kimi qorunan kənd Birinci Dünya müharibəsinin dağıdıcı nəticələrini xatırladır. Partlamamış hərbi sursatlar və mümkün çirklənmə səbəbindən əraziyə icazəsiz giriş təhlükəli hesab olunur./Musavat.com/
