Sürücülərə SEVİNDİRİCİ XƏBƏR: Babək, Keşlə və Pirşağı Birləşir – Yeni yol xəritəsi hazırdır!

Həsən Əliyev küçəsindən Koroğlu istiqamətinə doğru uzanan yol layihəsinin tamamlanması paytaxtda nəqliyyat sıxlığının azaldılması baxımından əhəmiyyətli hesab olunur. Layihənin başa çatması bir sıra istiqamətlərdən Koroğluya alternativ hərəkət imkanları yaradaraq mövcud yollardakı yükün azalmasına kömək edə bilər. Lakin işlərin hazırkı vəziyyəti və tikintinin nə vaxt yekunlaşacağı ilə bağlı suallar yaranır.

Referans Media-ya açıqlamasında nəqliyyat eksperti Rafiq Rauf oğlu bildirib ki, layihə tamamlandıqdan sonra həm Babək prospektindən, həm Keşlədən, eləcə də digər istiqamətlərdən Koroğluya doğru alternativ yol yaranacaq.

Onun sözlərinə görə, bu yol bir sıra istiqamətlərdə nəqliyyat yükünü azalda və şəhər daxilində əlavə hərəkət imkanı yarada bilər. Eyni zamanda, yolun Böyükşor–Pirşağı istiqamətində çəkilən yeni yolla əlaqələndirilməsi də nəzərdə tutulan nəqliyyat bağlantılarının əhəmiyyətini artırır.

Ekspert hesab edir ki, tikinti işlərində yaranan fasilənin səbəblərindən biri layihənin maliyyələşdirilməsi ilə bağlı ola bilər.

“Düşünürəm ki, layihəyə vəsait ayrıldıqca işlər davam etdirilir. Bilirsiniz ki, büdcə ilə bağlı məsələlər olur. Layihənin birinci və ikinci hissələri var. Bir hissə tamamlanır, sonra növbəti mərhələ üçün vəsait ayrılması gözlənilir. Düşünürəm ki, fasilə yalnız bununla əlaqəli ola bilər”, – deyə ekspert bildirib.

Rafiq Rauf oğlunun fikrincə, yol layihəsinin hazırda hansı mərhələdə olduğunu, işlərin hansı səbəbdən ləngidiyini və tikintinin nə vaxt başa çatdırılacağını dəqiq müəyyənləşdirmək üçün aidiyyəti dövlət qurumunun rəsmi açıqlama verməsi məqsədəuyğun olardı.

Ekspert qeyd edib ki, layihənin icra vəziyyəti, maliyyələşmə prosesi və növbəti mərhələlərin hansı müddətdə həyata keçiriləcəyi ilə bağlı məlumatların açıqlanması ictimaiyyət üçün də aydınlıq yarada bilər.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki