ABŞ-də hamilə həyat yoldaşını öldürməkdə təqsirləndirilən və daha sonra İtaliyaya qaçan Li Gilli (Lee Gilley) barəsində məhkəmə qərarı qəbul edilib.
Referans Media bildirir ki, İtaliya məhkəməsi kişinin ABŞ-yə ekstradisiyasına icazə verib. Hadisə ABŞ-ın Texas ştatının Hyuston şəhərində baş verib. İstintaqın məlumatına görə, 38 yaşlı Krista Bauer Gilli üçüncü övladına doqquz həftəlik hamilə olarkən həyatını itirib.
Əvvəlcə ər polisə müraciət edərək həyat yoldaşının intihara cəhd etdiyini bildirib. Xəstəxanaya çatdırılan qadın ertəsi gün ölüb. Lakin məhkəmə-tibbi ekspertiza qadının boynunda izlər aşkarlayıb. Bundan sonra əri qətldə ittiham olunaraq saxlanılıb. Məhkəmə kişinin bir milyon dollar girov müqabilində azadlığa buraxılmasına qərar verib. Ona pasportunu təhvil vermək və elektron nəzarət qolbağı taxmaq öhdəliyi qoyulub. Buna baxmayaraq, Gilli mayın 1-də elektron qolbağını çıxararaq İtaliyanın Milan şəhərinə qaçıb. O, sərhəd nəzarəti zamanı saxta Belçika pasportu təqdim edib. Bir müddət sonra kişi saxlanılıb. Gilli İtaliyada siyasi sığınacaq istəyərək ABŞ-da ölüm cəzası ilə üzləşə biləcəyini bildirib. O, məhkəmədə həyat yoldaşını öldürmədiyini və haqsız yerə ittiham olunduğunu iddia edib.
İtaliya məhkəməsi daha əvvəl ABŞ-dən kişinin ölüm cəzasına yox, ömürlük həbsə məhkum edilməsinə dair təminat tələb edib. Texasın Harris dairəsi prokurorluğu ölüm cəzası istəməyəcəyini açıqlayıb./Lent.az/
