image-iblizbackend

Azərbaycan ilbiz biznesinə girişdi 

Azərbaycanda ilbiz məhsullarının Avropa İttifaqı bazarına ixracına başlanılıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən nəzarət və qiymətləndirmə tədbirləri nəticəsində Salyan rayonunun Şorsulu kəndində fəaliyyət göstərən, “Azarifrog” MMC-yə məxsus ilbiz istehsalı müəssisəsi Avropa İttifaqı ölkələrinə ixrac üçün qeydiyyata alınıb.

Məlumat üçün bildirək ki, ilbizdən Avropa, Amerika və Asiyada kulinariyada, həmçinin bütün dünyada kosmetologiya sahəsində istifadə olunur.

İlbiz əti BMT Kənd Təsərrüfatı və Ərzaq Təşkilatı tərəfindən ekoloji baxımdan ən təmiz, insan orqanizmi üçün ən faydalı qidalardan biri kimi tövsif edilib.

Dünyada ilbiz ticarəti 2025-ci ildə 800 milyon dollara yaxın olub. Bu göstəricinin 2035-ci ilə qədər 2,07 milyard ABŞ dollarına qədər artacağı gözlənilir ki, bu da 2026-cı ildən 2035-ci ilə qədər 10,3 faizdən çox orta illik artım tempi (CAGR) deməkdir. Sənayenin 2025-ci ildə gəliri 849,82 milyon ABŞ dolları olub. Bu gəlirin 39,1 faizi Asiya-Sakit Okean bölgəsinin payına düşür.

Dünyada qida üçün ən çox üzüm ilbizi – Helix Pomatia-dan istifadə olunur. 2025-ci ildə onun qlobal ilbiz ticarətində payı 46,35 faiz təşkil edib ki, bu da ona Avropa kulinariyasındakı tələbatla bağlıdır. İlbiz bazarında aparıcı şirkətlərə Helicicultura (İspaniya), Snail Farm (İtaliya), Helix Aspersa (Fransa), Snail World (ABŞ), La Escargotière (Fransa), Thai Snail (Tayland), Escargots de France (Fransa), Snail King (Polşa), Lumaca Madonita (İtaliya) və Snail Farm UK (Böyük Britaniya) daxildir.

İlbiz istehlakının ən yüksək səviyyəsinə malik ölkələr İspaniya, Mərakeş, Fransa və İtaliyadır. Bu ölkələr birlikdə qlobal istehlakın təxminən 69 faizini təşkil edir. Məsələn, İspaniyada orta hesabla bir nəfər ildə 358 qram ilbiz yeyir, Mərakeşdə isə bu rəqəm 174 qramdır ki, bu da dünya üzrə orta göstərici olan ildə 5,9 qramı 30 dəfəyə yaxın üstələyir. 2024-cü ildə Fransa ilbiz sənayesinin dəyəri 1,5 milyard ABŞ dolları olub və 2033-cü ilə qədər onun 2,8 milyard ABŞ dollarına çatacağı proqnozlaşdırılır. Milli mətbəxdəki istehlakın üstün olduğu Fransa ilbiz bazarı son illərdə əhəmiyyətli dərəcədə artım nümayiş etdirib. Bu ölkədə ildə 40.000 tondan çox ilbiz istehlak olunur.

Fransa Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, ilbiz əkinçiliyi sənayesinin dəyəri təxminən 30 milyon avrodur və 1000-dən çox fermer bu sahədə çalışır.

İlbiz istehsalının geniş yayıldığı əsas ölkələr Mərakeş, İspaniya, İndoneziya, Çin və Rumıniyadır. Kosmetika sahəsində ilbizdən müxtəlif məqsədlərlə istifadə olunur. Bu sahədə ən yüksək paya dəridə qırışların azalması məqsədi sahibdir. İlbizin ifraz etdiyi selik dəri üçün çox faydalıdır. Onun təsiri nəticəsində dəridə bir sıra faydalı maddələr – kollagen, elastin, allantoin, qlikol turşusu, proteaza, xitozan, A, C, E, B6, B12 vitaminləri sintez olunur.

Qeyd edək ki, Azərbaycandan Avropaya ilbiz və qurbağa ayaqlarının ixracına dair Aİ strukturları ilə AQTA arasında danışıqlar 2019-cu ildən başlanıb. Həmin il agentlik rəsmiləri Azərbaycan istehsalçılarının müraciəti əsasında bu danışıqlara başladıqlarını açıqlayıblar. Belə görünür ki, müvafiq razılaşmanın əldə olunması yalnız 2025-ci ildə mümkün olub. Azərbaycandan fərqli olaraq qonşu Gürcüstan Avropaya ilbiz ixracını bir neçə il əvvəldən yoluna qoyub. Ölkənin Milli Statistika Xidmətinin (Sakstat) veb saytındakı məlumata görə, Gürcüstan 2024-cü ildə 1,7 milyon dollar dəyərində 268 ton ilbiz ixrac edib. 2023-cü ildə bu rəqəm 1,3 milyon dollar dəyərlə 151 ton təşkil etmişdi. Gürcüstandan iblizin ən böyük alıcısı 158 tonla Fransa olub. Ondan sonra gələn Türkiyə 88 ton, Namibiya isə 18 ton ilbiz alıblar.

Azərbaycanda ilbiz yetişdirilməsini 2017-ci ildən başlanıb. Həmin vaxt “Azdelikates-Alfa” MMC adlı şirkətin Avropa ölkələrinə, Türkiyəyə ilbiz ixrac etdiyinə dair məlumatlar yayılıb. 2019-cu ildə şirkət əhalidən 1 kiloqramı 50 qəpiyə 200 tona yaxın ilbiz toplayıb. Lakin Avropaya ixrac mümkün olmadığı üçün məhsulun satışında problemlər yaranıb və 2020-ci ildə MMC ləğv edilib. Beş il əvvəl ölkə mətbuatında Şamaxıda bir nəfərin şəxsi təsərrüfatında ilbiz yetişdirdiyinə dair məlumat yayılıb. Həmin vaxt Şamaxı rayon sakini Akif Əmralı 20 ildən çox müddətdə ilbiz kürüsü satmaqla qazanc əldə etdiyini deyib. Onun sözlərinəö görə, dünyada ilk dəfə ilbiz kürüsünün kütləvi istehsalına 1987-ci ildə Fransada başlanılıb, 1989-cu ildə satışa çıxarılıb. Akif Əmralı 1990-cı ildə ilbizlərin toplanmasına, yetişdirilməsinə və satışına başladığını, təsərrüfatından əldə etdiyi ilk məhsulu 1997-ci ildə yerli, 2017-ci ildə isə xarici bazara çıxarmağa müvəffəq olduğunu deyib. Lakin rəsmi statistikada bu ixracla bağlı hər hansı məlumat yoxdur.

Həmçinin açıqlanan xarici ticarət statistikasında Azərbaycana xaricdən adi ilbiz idxalına dair məlumata da rast gəlinmir. Burada yalnız səkkizayaqlı dəniz ilbizinin idxalına dair məlumat var. Həmin məlumata görə, 2024-ci ildə Azərbaycana 57,43 min dollar dəyərində 5,61 ton dondurulmuş, 80 kq isə təzə səkkizayaqlı ilbiz idxal olunub. Bundan əlavə, 2,06 ton hazır və ya konservləşdirilmiş digər ilbizlərin idxalı da olub.

2025-ci ilin yanvar-oktyabrında isə Azərbaycana ümumi dəyəri 35,99 min dollar olan 3,75 ton dondurulmuş, 520 kq təzə səkkizayaqlı ilbiz, 340 kq isə ton hazır və ya konservləşdirilmiş digər ilbizlər idxalı qeydə alınıb. Ölkədə ildə nə qədər ilbiz istehsal, yaxud istehlak olunduğuna dair məlumat da rəsmi statistikada mövcud deyil. Lakin məşhur müğənnilərin reklamlarından aydın olur ki, kosmetologiya sahəsində ilbizdən istifadə Azərbaycanda geniş yayılmış təcrübədir. Eyni zamanda bəzi vaxtlarda mətbuatda Bakıdakı Avropa mətbəxi təqdim edən restoranlarda ilbiz ətinin təklif olunduğuna dair məlumatlar da yer alıb. Azərbaycanda hələ də əhalinin mühüm hissəsi ilbizə bitki zərərvericisi kimi baxır. Xüsusilə rütubətin bol olduğu dənizsahili ərazilərdə insanlar bağlarında ilbizə qarşı mübarizə üsulları axtarışı ilə məşğuldular. Avropaya ixracın genişlənməsi əhalinin ilbizləri məhv etmək deyil, toplayıb emal müəssisələrinə təhvil verərək pul qazanmaqla məşğul olmasına gətirib çıxara bilər.musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki