Bir müəllim və ya dövlət qurumunda çalışan şəxs əsassız ittihamlarla işdən çıxarılır, lakin sonradan həm Dövlət Əmək Müfəttişliyi, həm də məhkəmə onun heç bir təqsirinin olmadığını təsdiqləyir və işdən çıxarılmanın qanunsuz olduğu müəyyən edilir. Bu halda işsiz qaldığı müddətdə itirdiyi əməkhaqqı və digər maddi zərərlərə görə təzminatı kimdən tələb edə bilər?
Mövzu ilə bağlı Referans Media-ya danışan hüquqşünas Ümid Hüseynov bildirib ki, işçinin qanunvericiliyin tələbləri pozulmaqla işdən çıxarılması nəticəsində ona vurulmuş maddi zərərin əvəzi, bir qayda olaraq, işəgötürən tərəfindən ödənilir.
Onun sözlərinə görə, işəgötürən qismində hüquqi şəxslər, dövlət orqanları və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər çıxış edə bilərlər.
“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 195-ci maddəsinə əsasən, işəgötürən əmək müqaviləsinə qanunsuz və əsassız xitam verilməsi nəticəsində işçiyə vurulmuş ziyana görə tam maddi məsuliyyət daşıyır”, – deyə hüquqşünas qeyd edib.
Ü.Hüseynov vurğulayıb ki, mövcud qanunvericiliyə əsasən, əmək müqaviləsinə qanunsuz xitam verilməsi faktı işçinin iddiası əsasında məhkəmə tərəfindən müəyyən edilir.
“Bu zaman işçi, bir qayda olaraq, məhkəmə qarşısında işə bərpa olunması və məcburi işburaxma müddəti üçün əməkhaqqının ödənilməsi barədə tələblər irəli sürür. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında işçiyə işsiz qaldığı müddətdə əldə edə bilmədiyi qazancın əvəzi olaraq məcburi işburaxma müddəti üçün əməkhaqqı işəgötürən tərəfindən ödənilir”, – o bildirib.
Hüquqşünasın sözlərinə görə, qanunsuz işdən çıxarılma nəticəsində işçi yalnız maddi deyil, həm də mənəvi zərərə məruz qaldıqda, məhkəmə qaydasında mənəvi zərərin əvəzinin ödənilməsini də tələb edə bilər.
Ü.Hüseynov əlavə edib ki, müəllimə münasibətdə çalışdığı təhsil müəssisəsi və ya müvafiq regional təhsil idarəsi, dövlət qurumunun əməkdaşına münasibətdə isə həmin dövlət orqanı işəgötürən qismində çıxış edir və qanunvericiliklə nəzərdə tutulan öhdəlikləri daşıyır.
Gülnaz Abdullazadə
